"Darıxmağı bacaran uşaqlar daha üstün mövqedə olacaqlar"
Maraqlı
Rəqəmsal cihazların uşaqların inkişafına təsiri ilə bağlı mütəxəssislər valideynləri daha diqqətli olmağa çağırır.
News24.az xəbər verir ki, Kliniki psixoloq Doğancan Dursun həddindən artıq rəqəmsallaşmanın uşaqların beyin inkişafına mənfi təsir göstərə biləcəyini deyib. Onun sözlərinə görə, gələcəkdə darıxmağı bacaran və diqqətini daha yaxşı toplaya bilən uşaqlar üstün mövqedə olacaqlar.
Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə sürətlə yayılan qısa videolar, xüsusilə "reels" formatlı məzmunlar uşaqları davamlı xəbərdaredici axına məruz qoyur. Bu isə diqqət dağınıqlığı, impulsiv davranış və müxtəlif asılılıq risklərinin artmasına səbəb ola bilər.
Mütəxəssis uşaqlara yemək zamanı telefon və planşet verilməsinin də zərərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ekran qarşısında yemək yeyən uşaqlar qidanın dadını və doyma hissini düzgün qavramır. Bu isə gələcəkdə artıq çəki və doyumsuzluq kimi problemlərə yol aça bilər.
Psixoloq bildirib ki, uşaqların bəzən darıxmasına imkan vermək onların yaradıcılığını və daxili motivasiyasını artırır. Araşdırmalar göstərir ki, çox sayda oyuncağa sahib olan uşaqların diqqət müddəti qısalır, daha az oyuncağı olan uşaqlar isə daha yaradıcı oyunlar qurmağa meyilli olurlar.
Psixoloq valideynlərə uşaqların rəqəmsal cihazlardan istifadəsini məhdudlaşdırmağı tövsiyə edir. Onun sözlərinə görə, həftədə ən azı iki gün “ekransız gün” tətbiq etmək, iş günlərində virtual oyunlara məhdudiyyət qoymaq, uşaqlarla daha çox canlı ünsiyyətdə olmaq və onları fiziki fəaliyyətə, xüsusilə komanda idmanlarına və açıq havada oyunlara yönləndirmək faydalıdır.
Nilufər