Dünyanın ən yaşlı heyvanının qalıqları aşkar edildi

Dünyanın ən yaşlı heyvanının qalıqları aşkar edildi Maraqlı

Norveçin Arktika bölgəsində təxminən 560 milyon il yaşı olan qədim heyvan fosili tapılıb.

News24.az-ın xəbərinə görə, maraqlısı isə odur ki, nadir fosil Finnmarkda qoyunların otladığı tarlada aşkarlanıb.

Kembric Universitetinin rəhbərlik etdiyi beynəlxalq paleontoloqlar qrupu tərəfindən tapılan fosilin Çarniya adlı qədim canlıya aid olduğu müəyyən edilib. Bu canlı Yer kürəsində mürəkkəb həyatın ilk formalarının yarandığı vaxtlarda yaşayıb.

Fosil qıjıya bənzəsə də, alimlər onu ən qədim heyvanlardan biri hesab edirlər. Çarniyanın ağzı, daxili orqanları və ətrafları olmayıb. Quruluşuna görə oturaq meduzaya bənzədiyi bildirilir.

Alimlərin sözlərinə görə, həmin dövrə aid fosillər adətən yastı formada qorunub. Lakin yeni tapıntı üçölçülü şəkildə qalıb. Bunun səbəbi canlının sualtı sürüşmə nəticəsində sürətlə çöküntü altında qalmasıdır.

Tədqiqatçılar bildirirlər ki, fosilin bu şəkildə qorunması canlı haqqında daha çox məlumat əldə etməyə imkan verib. Onlar həmçinin Finnmarkdakı tapıntının qədim heyvanların daha geniş ərazilərdə yayıldığını göstərdiyini qeyd edirlər.