Hər kəsə qadağandır, ona yox: Böyük Britaniyada xüsusi imtiyazlara sahib yeganə şəxs

Hər kəsə qadağandır, ona yox: Böyük Britaniyada xüsusi imtiyazlara sahib yeganə şəxs Maraqlı

Böyük Britaniya qanunvericiliyi ingilis monarxına xüsusi hüquqlar və imtiyazlar tanıyır. Bunlara adi vətəndaşlar üçün məcburi olan bir sıra qanunlara əməl etməmək də daxildir.

News24.az xəbər verir ki, monarxların sürücülük vəsiqəsi yoxdur və onlar avtomobilləri nömrə olmadan da idarə edə bilərlər.

Kraliça II Elizabet 18 yaşında avtomobil idarə etməyi öyrənsə də, heç vaxt sürücülük imtahanı verməyib. Onun ölümündən sonra isə sahib olduğu bütün imtiyazlar Kral III Çarlza keçib.

İmtiyazlar bununla bitmir. Belə ki, Böyük Britaniyada bütün pasportlar monarxın adı ilə verilir. Buna görə də kral və ya kraliça pasporta ehtiyac duymur. II Elizabet heç vaxt pasport istifadə etmirdi. Lakin kral ailəsinin digər üzvləri üçün pasportlar mövcuddur.

İngiltərə monarxı üçün nəvələr də daxil olmaqla, varislər üzərində formal qəyyumluq proseduru tələb olunmur. Rəsmi olaraq Kral III Çarlz şahzadə Uilyam və Ketrin Middltonun üç övladının qəyyumudur. Bu qayda 300 ildir mövcuddur, lakin Kralın praktik olaraq bu imtiyazdan istifadə edəcəyi gözlənilmir.

Britaniya monarxı rəsmi dövlət qurumu hesab edilmədiyindən maliyyə məlumatlarını açıqlamaq öhdəliyi yoxdur. Hər il kral ailəsi ilə bağlı maliyyə hesabatı açıqlansa da, onların şəxsi xərcləri barədə ictimaiyyətə geniş məlumat verilmir.

Qanunvericiliyə əsasən, III Çarlz mərhum anası II Elizabetdən aldığı miras üçün vergi ödəməkdən azaddır. Bu, “suverendən suverənə keçən irs” qaydasına əsaslanır. Bununla belə, Britaniya mediası Kralın gəlir vergisini könüllü şəkildə ödəməyə davam edəcəyini yazır.