II Ramzesə məxsus 3000 illik heykəllər tapıldı
Maraqlı
Misirdə Nil deltasında yerləşən Bəhbeyt əl-Həcər kəndində firon II Ramzesə məxsus iki nəhəng heykəlin qalıqları aşkarlanıb.
News24.az xəbər verir ki, tapıntı fermerin öz sahəsində sirli daş blok görərək bu barədə aidiyyəti qurumlara məlumat verməsindən sonra üzə çıxıb.
Misirin Turizm və Qədim Abidələr Nazirliyinin məlumatına görə, heykəllərin təxminən 3000 yaşı ola bilər.
Ən diqqətçəkən tapıntılardan biri hündürlüyü təxminən 1,6 metr olan II Ramzesin nəhəng başıdır. Firon Yuxarı və Aşağı Misirin birliyini simvolizə edən ikili tacda təsvir olunub. Ekspertlərin qiymətləndirməsinə görə, postamentlə birlikdə abidənin ilkin hündürlüyü təxminən 8,5 metr ola bilərdi.
İkinci heykəl daha böyükdür — onun uzunluğu təxminən 2,4 metrdir. Lakin heykəlin ayaqları və aşağı hissəsi qorunmayıb. Buna baxmayaraq, onun üz cizgiləri min illər keçməsinə rəğmən təəccüblü dərəcədə yaxşı vəziyyətdə qalıb.
Qazıntılar zamanı həmçinin II Ramzeslə əlaqəli titulların həkk olunduğu heroqlif yazıları olan çəhrayı qranit blok aşkarlanıb.
Rəsmilər tapıntının üzə çıxmasına səbəb olan fermerə təşəkkür ediblər. Onlar bildiriblər ki, fermerin hərəkəti Misirin mühüm mədəni irs nümunəsinin qorunmasına kömək edib.
Arxeoloqlar hesab edirlər ki, tapılan abidələr vaxtilə həmin ərazidə yerləşmiş qədim məbəd kompleksi və onun II Ramzesin hakimiyyəti dövründəki rolu haqqında dəyərli məlumatlar verə bilər.