İldırım zamanı hansı məişət cihazlarını şəbəkədən ayırmaq lazımdır?

İldırım zamanı hansı məişət cihazlarını şəbəkədən ayırmaq lazımdır? Maraqlı

Mütəxəssislər bildirirlər ki, ildırım və tufan zamanı bütün məişət cihazlarını elektrik şəbəkəsindən ayırmağa ehtiyac yoxdur.

News24.az xəbər verir ki, bu barədə “Better Homes and Gardens” məlumat yayıb.

Məişət Texnikası İstehsalçıları Assosiasiyasının nümayəndəsi Kris Doşerin sözlərinə görə, soyuducu, dondurucu, soba, qabyuyan, paltaryuyan və quruducu kimi iri məişət cihazları elektrik gərginliyindəki qısamüddətli dəyişikliklərə davamlı şəkildə hazırlanır. Buna görə adi tufan zamanı onların şəbəkədə qalması təhlükə yaratmır.

Lakin qasırğa və ya daşqın təhlükəsi yaranarsa, soyuducu və dondurucu istisna olmaqla, bütün məişət cihazlarının elektrikdən ayrılması tövsiyə edilir. Daşqından sonra isə texnika yalnız mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yenidən istifadəyə verilməlidir.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, istifadə olunmadığı vaxt kiçik məişət cihazlarını həmişə elektrik şəbəkəsindən ayırmaq lazımdır. Bunlara qəhvəbişirən, toster, blender, mikser, multibişirici, fritöz, eləcə də tozsoran və digər kiçik elektrik avadanlıqları daxildir.

Bundan əlavə, elektrik kəsildikdə soyuducu və dondurucunun qapısını mümkün qədər az açmaq məsləhət görülür. Bu, ərzaqların daha uzun müddət xarab olmadan saxlanmasına kömək edir.