İnternetin sürətini artırmağın yolu açıqlandı

İnternetin sürətini artırmağın yolu açıqlandı Maraqlı

Kabel internet bağlantısının sürətinin aşağı düşməsi hər zaman provayderlə bağlı olmaya bilər.

News24.az xəbər verir ki, bəzən zahirən işlək görünən şəbəkə kabelinin zədələnməsi internetin sürətinin azalmasına səbəb olur.

“MakeUseOf” nəşrinin məlumatına görə, media jurnalisti Manuviraj Godara internet paketinin sürətini saniyədə 50 meqabitdən 150 meqabitə yüksəltsə də, sürət testlərinin nəticələri saniyədə 100 meqabitdən aşağı olub.

Aparılan araşdırma nəticəsində problemin köhnəlmiş və zədələnmiş internet kabelindən qaynaqlandığı müəyyən edilib. Kabel məlumatların daha yüksək sürətlə ötürülməsinə mane olub.

Nəşr internet sürəti qəfil aşağı düşən istifadəçilərə Windows əməliyyat sistemində şəbəkə bağlantısının sürətini yoxlamağı tövsiyə edir. Bunun üçün İdarəetmə Panelinə daxil olmaq, “Şəbəkə və İnternet” bölməsindən “Şəbəkə və Paylaşım Mərkəzi”ni açmaq lazımdır. Daha sonra internet bağlantısının üzərinə sağ klikləyərək “Status” bölməsinə keçmək və “Sürət” sətrində göstərilən göstəriciyə baxmaq mümkündür.

Burada qeyd olunan rəqəm kompüterlə şəbəkə arasındakı bağlantının sürətini göstərir. Məsələn, göstərici 100 Mbit/s olarsa, kabel və ya şəbəkə avadanlığı daha yüksək sürətli internet paketindən tam istifadə etməyə mane ola bilər.