"iPhone"lar bahalaşacaq
Maraqlı
“Apple” yaddaş böhranının öhdəsindən gələ bilmədiyi üçün smartfonlarının qiymətlərini artırmağa məcbur olacaq.
News24.az xəbər verir ki, bu barədə “TrendForce” analitik şirkətinin hesabatında bildirilib.
ABŞ texnologiya nəhənginin sentyabrın 9-da “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone Ultra” modelini təqdim edəcəyi gözlənilir.
Mütəxəssislərin fikrincə, operativ və daxili yaddaş böhranı səbəbindən “Apple” smartfonlarının istehsal maya dəyəri əhəmiyyətli dərəcədə artıb. Hesablamalara görə, “iPhone 17” seriyasının təqdimatından sonra şirkətin yaddaş komponentlərinə çəkdiyi xərclər 400 faiz yüksəlib.
Bu səbəbdən şirkət məhsullarının qiymətlərini artırmağa məcbur olacaq.
Analitiklər yeni smartfonların əvvəlki nəsillə müqayisədə 10-20 faiz bahalaşacağını proqnozlaşdırırlar.
Belə ki, “iPhone 17 Pro”nun qiyməti 1100 dollar olduğu halda, “iPhone 18 Pro”nun təxminən 1300 dollara satılacağı gözlənilir.
Premium qatlanan “iPhone Ultra”nın qiymətinin isə ən azı 2100 dollar olacağı bildirilir.
“TrendForce” mütəxəssislərinin fikrincə, bu qiymət istehsal xərclərinin bir hissəsini kompensasiya etməyə imkan verəcək.