Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz
Maraqlı
Mətbəx texnikasının yerləşdirilməsi asan məsələ deyil. Xüsusilə də bəzi məişət cihazlarının bir-birinin yanında yerləşdirilməsinin tövsiyə olunmadığını çoxları bilmir. Belə cihazlara soyuducu və mikrodalğalı soba aiddir.
News24.az xəbər verir ki, bu barədə Kertvar.hu saytı yazır.
Bir çox insan rahatlıq üçün mikrodalğalı sobanı birbaşa soyuducunun üzərinə qoyur: yeməyi soyuducudan çıxarıb dərhal qızdırmaq mümkün olur. Lakin mütəxəssislər bunun heç də optimal seçim olmadığını bildirirlər.
Bunun səbəblərindən biri elektrik enerjisi sərfiyyatıdır. Həm soyuducu, həm də mikrodalğalı soba kifayət qədər güclü məişət cihazlarıdır. Onları eyni ikili rozetkaya qoşmaq rozetkanın həddindən artıq qızmasına səbəb ola bilər. Çox nadir hallarda bu, hətta yanğına gətirib çıxara bilər. Belə bir ssenarinin ehtimalı az olsa da, elektrik şəbəkəsinə həddindən artıq yük düşməsi hər halda arzuolunmazdır.
Digər səbəb isə havalandırmadır. Hər iki cihazın normal hava dövranına ehtiyacı var. Mikrodalğalı soba işləyərkən istilik yaydığı üçün onu birbaşa soyuducunun üzərində yerləşdirmək o qədər də düzgün seçim deyil.
Təhlükəsizlik məsələsini də unutmaq olmaz. Soyuducunun üstündən isti yeməyi götürmək həm narahat, həm də potensial olaraq təhlükəlidir. Qab təsadüfən aşarsa, insan ciddi yanıq xəsarəti ala bilər.
Buna görə mətbəxi planlaşdırarkən əvvəlcə soyuducu üçün uyğun yer müəyyənləşdirmək, daha sonra isə mikrodalğalı sobanın yerini seçmək tövsiyə olunur. Mikrodalğalı sobanı pəncərədən və su kranından uzaqda, mətbəx tezgahının üzərində yerləşdirmək daha məqsədəuyğundur. (Demokrat.az)