Meymun turistin telefonunu oğurlayıb selfi çəkdi - Foto
Maraqlı
Meymun Balidə Uluvatu məbədini ziyarət edən Britaniyalı 19 yaşlı turist Oliver Lloydun telefonun qəfildən əlindən alıb.
News24.az xəbər verir ki, meymun dərhal cəngəlliyə qaçıb. Oliverlə sevgilisi isə mühafizəçilərin köməyi ilə, ətrafdakı yüzlərlə meymunun arasında telefonu axtarmağa başlayıblar.
Təxminən bir saat sonra Oliverin sevgilisinin telefonundakı izləmə tətbiqi sayəsində cihazın dəqiq yeri müəyyən edilib.
Məbədin əməkdaşı hiyləgər "oğrunu" taparaq telefonu sahibinə qaytarıb.
Oliver telefonu yoxlayarkən isə meymunun video çəkdiyini və cihazı pəncələri ilə bərk tutaraq bir neçə selfi etdiyini görüb.
"Meymunlarla şəkil çəkdirirdim ki, dostlarıma göndərim. Telefonu cibimə qoymaq istəyəndə kimsə məni çağırdı. Elə həmin anda meymun telefonu əlimdən qapdı. Sonra sürətlə meşəyə qaçdı, ətrafda isə yüzlərlə başqa meymun var idi. Təsəvvür edin ki, meymunlar sənin telefonunla selfi çəkirlər. Qalereyanı açanda şoka düşdüm. Doğrudan da uzun bir video çəkilmişdi və çoxlu selfilər vardı", – Oliver təəssüratlarını bölüşüb. / Daily Mail/