"Qiyamət saatı" yeniləndi: Fəlakətə cəmi 85 saniyə qalıb
Maraqlı
Alimlər bəşəriyyətin qlobal fəlakətə nə qədər yaxın olduğunu simvolizə edən "Qiyamət saatı"nı (Doomsday Clock) yeniləyiblər.
News24.az xəbər verir ki, yenilənmiş göstəriciyə əsasən, saatın gecə yarısına, yəni simvolik məhv nöqtəsinə çatmasına cəmi 85 saniyə qalıb. Bu göstərici "Qiyamət saatı"nın tarixində indiyədək qeydə alınan ən riskli vəziyyət hesab olunur.
ABŞ-nin Çikaqo Universiteti nəzdində fəaliyyət göstərən “Bulletin of the Atomic Scientists” jurnalının redaksiya heyətinin qərarında nüvə müharibəsi riski, iqlim böhranı və süni intellektin nəzarətsiz inkişafı qlobal təhlükəsizliyə əsas təhdidlər kimi göstərilib.
Qeyd edilib ki, "Qiyamət saatı" ilk dəfə 1947-ci ildə nüvə silahlarının yaratdığı təhlükəyə diqqət çəkmək məqsədilə yaradılıb. Hazırkı göstərici isə saatın tarixində “fəlakətə ən yaxın nöqtə” kimi qiymətləndirilir.
Alimlərin açıqlamasına görə, saatın gecə yarısına daha da yaxınlaşdırılmasına bir sıra qlobal risklər səbəb olub. Bunlara nüvə silahına malik ölkələr arasında artan gərginlik, Rusiya, Çin və ABŞ-nin daha aqressiv hərbi-siyasi mövqeləri, Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr, hərbi sistemlərdə süni intellektin nəzarətsiz tətbiqi daxildir.