Telefonu açarkən niyə “alo” deyirik?
Maraqlı
Telefon zənginə cavab verərkən avtomatik olaraq işlətdiyimiz “alo” sözünün maraqlı tarixçəsi var.
News24.az xəbər verir ki, telefonun ilk dövrlərində zəngə cavab vermək üçün vahid ifadə mövcud olmayıb. Telefonun ixtiraçısı Aleksandr Bell danışığa “Ahoy!” (“Axoy!”) ifadəsi ilə başlamağı təklif edib. Bu söz XIX əsrdə əsasən dənizçilərin diqqət çəkmək üçün istifadə etdiyi müraciət forması olub.
Lakin Bellin rəqibi Tomas Edison daha sadə variant təklif edib. O, 1877-ci ildə telefon danışığı zamanı “Hello” sözündən istifadə edilməsini irəli sürüb. Sözün uzaq məsafədən yaxşı eşidilməsi və qısa olması onu telefon əlaqəsi üçün əlverişli edib.
1878-ci ildə ABŞ-də nəşr olunan ilk telefon kataloqlarından birində danışığa “Hulloa” sözü ilə başlamaq tövsiyə olunub. Daha sonra “Hello” telefon danışığının ayrılmaz hissəsinə çevrilib.
Əslində, “hello” sözü telefondan çox əvvəl mövcud olub və ilkin olaraq “ey!”, “ay!” kimi diqqət çəkmək üçün işlədilib. Telefonun yayılması isə bu ifadəni salamlaşma formasına çevirib.
Fransız dilində “allô” formasını alan söz sonradan bir sıra dillərdə, o cümlədən Azərbaycan dilində “alo” kimi işlənməyə başlayıb.
Beləliklə, bu gün milyonlarla insanın telefon danışığına başladığı “alo” sözü əslində telefonun ilk illərindəki fərqli salamlaşma variantlarının uzun təkamülünün nəticəsidir.