Telefonun enerjisini ikiqat qorumağın sadə yolu

Telefonun enerjisini ikiqat qorumağın sadə yolu Maraqlı

Smartfonun batareyası tez boşalırsa, bir çox istifadəçi ilk olaraq mobil interneti söndürür, lakin mütəxəssislərin fikrincə, enerjiyə maksimum qənaət etmək üçün təyyarə rejimindən istifadə etmək daha effektivdir.

News24.az-ın xəbərinə görə, BGR nəşri yazır ki, hər iki üsul batareyanın enerji sərfiyyatını azaltsa da, fərqli prinsiplə işləyir. Mobil internet söndürüldükdə telefon məlumat ötürməsini dayandırır, lakin mobil operatorla əlaqəni saxlayır, zəng və SMS qəbul edir, həmçinin yaxınlıqdakı baza stansiyalarını axtarmağa davam edir. Bütün bunlar enerji sərf edir.

Təyyarə rejimi isə mobil rabitə, "Wi-Fi" və "Bluetooth" da daxil olmaqla bütün simsiz bağlantıları söndürür. İstəyə görə Wi-Fi və Bluetooth sonradan ayrıca aktivləşdirilə bilər. Bu rejimdə telefon mobil şəbəkə ilə əlaqə saxlamadığı və baza stansiyalarını axtarmadığı üçün batareyanın enerji sərfiyyatı nəzərəçarpacaq dərəcədə azalır.

Bu xüsusilə siqnalın zəif olduğu metro, qatar və ya şəhərdən kənar ərazilərdə faydalıdır. Belə şəraitdə telefon davamlı olaraq daha güclü siqnal axtardığı üçün batareya daha tez boşalır. Təyyarə rejimi bu problemi aradan qaldırır.

Bununla belə, təyyarə rejimi telefonu istifadəsiz vəziyyətə salmır. İstifadəçi kamera ilə şəkil çəkə, oyun oynaya, film izləyə və internet tələb etməyən tətbiqlərdən istifadə edə bilər. Zəngli saat da bu rejimdə normal işləyir.

Mütəxəssislər həmçinin enerji sərfiyyatını azaltmaq üçün smartfonun enerjiyə qənaət rejimini aktivləşdirməyi tövsiyə edirlər. Bu rejim prosessorun məhsuldarlığını azaldır, ekranın parlaqlığını aşağı salır, fon proseslərini məhdudlaşdırır və vizual effektləri söndürür.

Bundan başqa, ekranın parlaqlığını maksimum səviyyədə saxlamamaq, avtomatik sönmə müddətini qısaltmaq da batareyanın ömrünü uzadır. Bir çox "Android" smartfonunda və bəzi "iPhone" modellərində mövcud olan maksimum enerji yığımını 80–90 faizlə məhdudlaşdırmaq funksiyası isə bir doldurma ilə işləmə müddətini artırmasa da, uzunmüddətli perspektivdə batareyanın köhnəlməsini ləngidir.

Əgər telefondan uzun müddət istifadə edilməyəcəksə, enerjiyə qənaət etməyin ən effektiv yolu onu tam söndürməkdir. Bu halda cihaz ümumiyyətlə enerji sərf etmir.