Telefonunuzu bu səhvlə məhv etməyin: mütəxəssislər xəbərdarlıq edir
Maraqlı
Smartfon üçün yeni enerji doldurma kabeli alarkən ən ucuz variantı seçmək gələcəkdə bahalı təmir xərclərinə səbəb ola bilər.
News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, keyfiyyətsiz USB kabelləri təkcə enerji yığılmasını ləngitmir, həm də telefonun batareyasına və digər komponentlərinə zərər verə bilər.
Bildirilir ki, ucuz kabellərin əsas problemi onların USB standartlarına tam uyğun olmamasıdır. Nəticədə enerji ötürülməsi düzgün tənzimlənmir, bu isə doldurmanın qeyri-sabit olmasına və cihazın əlavə yüklənməsinə səbəb olur.
Müasir USB-C kabellərində E-marker adlı xüsusi çip mövcuddur. Bu çip cihazı həddindən artıq qızmadan qoruyur və maksimal sürətlə enerji yığılmasını təmin edir. Saxta və ucuz məhsullarda isə bu sistem əksər hallarda olmur.
Belə kabellərdən istifadə nəticəsində telefonun daha yavaş enerji toplaması, həddindən artıq qızması, batareyanın vaxtından əvvəl sıradan çıxması, enerji girişinin zədələnməsi, hətta qısaqapanma səbəbindən cihazın yararsız hala düşməsi mümkündür.
Bundan əlavə, keyfiyyətsiz USB kabeli vasitəsilə fayl ötürülməsi zamanı məlumatların zədələnməsi riski də artır.
Mütəxəssislər kabel alarkən aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edirlər:
USB-IF sertifikatına malik məhsulları seçin və lazım gələrsə bunu təşkilatın rəsmi reyestrindən yoxlayın;
Qablaşdırmada yazı səhvləri, bulanıq loqolar və seriya nömrəsinin olmamasına diqqət edin;
Termoplastik elastomer (TPE) və ya neylon örtüklü, möhkəm kabellərə üstünlük verin;
Kabelin kifayət qədər qalın olmasına və konnektorun telefonun girişinə möhkəm oturmasına əmin olun.
Onlayn platformalarda alış-veriş zamanı isə alıcı rəylərini oxumaq, ən azı 4 ulduz reytinqə və çoxsaylı istifadəçi rəylərinə malik məhsulları seçmək tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, bir neçə manatlıq qənaət sonradan smartfonun bahalı təmirinə səbəb ola bilər.