Texnologiya nəhəngindən böyük addım – 40 milyardlıq plan
Maraqlı
“Google” süni intellekt sahəsində rəqabəti gücləndirmək məqsədilə yeni iri investisiya planı ilə gündəmdədir.
News24.az xəbər verir ki, texnologiya nəhəngi süni intellekt startapı “Anthropic”ə ümumilikdə 40 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Bu çərçivədə ilkin mərhələdə 10 milyard dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulur.
“Alphabet”in törəmə şirkəti olan “Google”un planına əsasən, “Anthropic” müəyyən performans göstəricilərinə nail olacağı təqdirdə əlavə 30 milyard dollar sərmayə də qoyula bilər. Bu addımın startapın hesablama gücünü və texnoloji imkanlarını əhəmiyyətli dərəcədə artırmağa yönəldiyi bildirilir.
Məlumata görə, “Anthropic” xüsusilə proqram təminatının hazırlanmasını sürətləndirən “Claude Code” adlı süni intellekt alətinin uğurundan sonra maliyyə cəlbi prosesini daha da intensivləşdirib.