Üz dolğusu etdirənlərə pis xəbər: Alimlərdən ciddi xəbərdarlıq

Üz dolğusu etdirənlərə pis xəbər: Alimlərdən ciddi xəbərdarlıq Maraqlı

Alimlər xəbərdarlıq edirlər ki, üz üçün edilən dolğu prosedurları nadir hallarda olsa da, ciddi fəsadlara — toxuma zədələnməsi, üzün formasında dəyişiklik və hətta görmə itkisinə səbəb ola bilər.

News24.az xəbər verir ki, Braziliyanın San-Paulu Universitetindən doktor Rosa Siqristin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu 2022–2025-ci illərdə Braziliya, Kolumbiya, Çili, Hollandiya və ABŞ-da baş vermiş 100 uğursuz dolğu müdaxiləsini araşdırıb.

Ultrasəs müayinələrinin nəticələri göstərib ki, bəzi hallarda dermal doldurucular üz damarlarında qan axınının dayanmasına səbəb olur. Siqrist BBC-yə açıqlamasında bildirib ki, dolğunun damar içində və ya damara çox yaxın yeridilməsi vaxtında müdaxilə edilməzsə toxuma itkisi, burun və üz nahiyələrində zədələnmə, görmə problemləri və hətta iflic kimi ağırlaşmalara gətirib çıxara bilər.

O, xüsusilə burun ətrafının daha riskli zona olduğunu vurğulayıb, çünki bu nahiyədəki damarlar başın çox həssas bölgələri ilə əlaqəlidir.

Mütəxəssis klinikalara inyeksiya öncəsi və prosedur zamanı ultrasəsdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu metod damarların dəqiq yerini müəyyən etməyə və ağırlaşma yarandıqda tıxanmanın yerini daha sürətli tapmağa imkan verir.