"WhatsApp" mesajları niyə telefona kompüterdən daha gec gəlir?

"WhatsApp" mesajları niyə telefona kompüterdən daha gec gəlir? Maraqlı

WhatsApp messencerindən istifadə edənlər tez-tez maraqlı vəziyyətlə qarşılaşırlar. Kompüterdə açıq olan WhatsApp Web vasitəsilə daxil olan mesajlar telefondan daha tez görünür.

Bəs bunun səbəbi nədir?

News24.az xəbər verir ki, əsas səbəblərdən biri internet bağlantısının keyfiyyətidir. Kompüterlər adətən daha sabit və yüksəksürətli internet şəbəkəsinə bağlı olur. Telefonlar isə mobil operatorların şəbəkəsi və ya zəif Wi-Fi siqnalı ilə işlədikdə ləngimələr yaşanır.

Digər vacib məqam telefonların batareya qənaət rejimilə bağlıdır. iOS və Android sistemləri enerjini qorumaq üçün arxa fonda çalışan tətbiqləri məhdudlaşdırır. WhatsApp telefonda arxa fonda olduqda sistem bildirişi bir neçə saniyə gecikdirə bilir. Kompüter brauzerində isə bu cür sərt məhdudiyyətlər tətbiq olunmur.

Bildirişlərin ötürülmə mexanizmi də fərqlidir. Telefona gələn mesaj əvvəlcə əməliyyat sisteminin bildiriş xidmətinə, daha sonra cihaza çatır. WhatsApp Web isə birbaşa serverlə açıq qalan canlı bağlantı üzərindən işləyir. Bu da məlumatın heç bir ara xidmətə dayanmadan dərhal ekranda görünməsinə imkan yaradır. (demokrat.az)