Yadplanetlilərin gizlənə biləcəyi 8 mağara tapıldı
Maraqlı
Marsda səkkiz mağara aşkarlanıb.
News24.az “The Astrophysical Journal Letters”-ə istinadən xəbər verir ki, Çinin Şençjen Universitetinin tədqiqatçıları bu mağaraları Yer kürəsindənkənar həyat izlərini axtarmaq üçün ən perspektivli sığınacaqlar hesab edib.
Sözügedən mağaraların vulkanik fəaliyyət nəticəsində deyil, qədim suyun süxurları həll etməsi yolu ilə formalaşdığı qeyd edilib. Bu isə Mars planeti ilə bağlı rast gəlinən yenilikdir.
Mağaralar Marsın şimal-qərbində yerləşən “Gebrus Valles” regionunda aşkarlanıb.
Onlar qaldırılmış kənarları və ətrafa səpələnmiş materialları olmayan dərin, demək olar ki, dairəvi çuxurlar kimi görünür.
Bu çuxurların ətrafındakı süxurlarda karbonatlar və sulfatlar var. Məhz bu tip süxurların su ilə həll olunması daha asandır.
Alimlər yüksək dəqiqlikli şəkillər əsasında çökəkliklərin üçölçülü modellərini də qurublar və onların formasının lava və ya tektonik proseslərdən daha çox yeraltı boşluqların tavanının çökməsi ilə izah olunduğu qənaətinə gəliblər.
Tədqiqatçılar bu səkkiz obyekti gələcək missiyalar üçün prioritet hədəflər hesab etməyi təklif ediblər.
Onların sözlərinə görə, karst mağaraları Marsda indiyədək qorunub saxlanmış və ya keçmiş həyatın ən mümkün sığınacaqlarından biri ola bilər. Həmçinin gələcəkdə astronavtlar üçün təbii qoruyucu məkan rolunu oynaya bilər.