Yaşıl soğanı həftələrlə təzə saxlamağın sadə üsulu

Yaşıl soğanı həftələrlə təzə saxlamağın sadə üsulu Maraqlı

Yaşıl soğan düzgün saxlanılmadıqda qısa müddətdə solur və təravətini itirir. Halbuki bir neçə sadə üsulla onun təzəliyini həftələrlə qorumaq, hətta köklərindən yenidən yetişdirmək mümkündür.

News24.az xəbər verir ki, mütəxəssislər alış zamanı ağ hissəsi möhkəm, təmiz və kökləri zədələnməmiş yaşıl soğanın seçilməsini tövsiyə edirlər. Belə soğan həm daha uzun müddət saxlanılır, həm də sonradan yenidən yetişdirilə bilir.

Yaşıl soğanı təzə saxlamağın ən asan yollarından biri onu su dolu bankada saxlamaqdır. Bunun üçün bankaya kökləri örtəcək qədər su tökülür və soğan kökləri aşağı olmaqla bankaya yerləşdirilir. Soyuducuda saxlanılacağı halda üzəri paketlə örtülərək rezinlə bərkidilir. Suyun isə hər 2-3 gündən bir dəyişdirilməsi məsləhətdir. Bu üsulla yaşıl soğan 2-3 həftəyədək təravətini qoruya bilər.

Mütəxəssislər yaşıllığın əvvəlcədən yuyulmamasını da tövsiyə edirlər. Çünki nəm onun daha tez xarab olmasına səbəb olur. Soğan yalnız istifadə olunacağı zaman yuyulmalıdır.

Yaşıl soğanı dondurmaq da mümkündür. Bunun üçün əvvəlcə yuyulub yaxşıca qurudulur, sonra doğranaraq bir qat şəklində dondurucuya yerləşdirilir. Tam donduqdan sonra paket və ya konteynerə yığılaraq saxlanılır. Dondurulmuş yaşıl soğan təxminən 6 ay istifadə üçün yararlı qalır. Lakin əridildikdən sonra əvvəlki xırtıldayan quruluşunu itirdiyindən daha çox şorba, sous və isti yeməklərdə istifadə olunması tövsiyə edilir.

Bundan əlavə, yaşıl soğanın köklü ağ hissəsindən yenidən məhsul əldə etmək mümkündür. Bunun üçün dib hissəsində 2-3 santimetr ağ hissə və köklər saxlanılır, su dolu stəkana yerləşdirilərək günəşli yerə qoyulur. Bir neçə gün sonra yeni yaşıl lələklər əmələ gəlir. Alternativ olaraq kökləri torpağa da əkmək olar. Bu halda yaşıl hissələr böyüdükcə kəsilərək istifadə edilir, köklər isə torpaqda qalaraq yenidən məhsul verir.