Yeni araşdırma hər kəsi təəccübləndirdi: Alimlərdən maraqlı nəticə

Yeni araşdırma hər kəsi təəccübləndirdi: Alimlərdən maraqlı nəticə Maraqlı

Çikaqo Universitetinin alimləri insan biləyinin quruluşunun digər primatlarla müqayisədə şimpanze və qorillaların biləyinə daha yaxın olduğunu müəyyən ediblər.

News24.az xəbər verir ki, alimlər bunun insan əcdadlarının ikiayaqlı hərəkətə keçməzdən əvvəl barmaqlarının üzərində hərəkət etdiyini göstərə biləcəyini bildirirlər. Tədqiqatın nəticələri “Proceedings of the Royal Society B” (PRS) jurnalında dərc olunub.

Araşdırma çərçivəsində müasir və nəsli kəsilmiş primat növlərinə, həmçinin qədim homininlərə aid 2000-dən çox bilək sümüyü kompüter tomoqrafiyası və 3D lazer skanı vasitəsilə analiz edilib.

Tədqiqatçılar müxtəlif növlərə aid səkkiz bilək sümüyünün quruluşunu müqayisə edərək müəyyən ediblər ki, insan biləyi barmaqla yeriyən primatlar üçün xarakterik olan bir sıra ortaq xüsusiyyətlər daşıyır. Bu xüsusiyyətlər əsasən oynaq quruluşu və bəzi sümüklərin birləşməsi ilə bağlıdır ki, bu da həmin hərəkət zamanı əlin sabit qalmasına kömək edir.

Alimlər qeyd edirlər ki, müasir insanlar artıq bu hərəkət formasından istifadə etməsələr də, biləyin qədim anatomik xüsusiyyətləri zamanla daha mürəkkəb əl hərəkətlərinə və əşyaların dəqiq tutulmasına uyğunlaşıb.