Yeni həşərat cinsinə məşhur müğənninin adını verdilər - Foto
Maraqlı
Kaliforniya Universitetinin alimləri yeni həşarat cinsinə məşhur amerikalı müğənni Teylor Sviftin adını veriblər.
Bu barədə “People” nəşri məlumat yayıb.
Yeni koks cinsi “Swiftiephylus” adlandırılıb.
Cinsə dörd növ daxildir. Onların latınca adları müğənninin albomlarına uyğunlaşdırılıb.
Bunlar “Swiftiephylus taylorae”, “Swiftiephylus amator”, “Swiftiephylus intrepidus” və “Swiftiephylus poetorum”dur.
Tədqiqatçılar yeni cinsi 593 nümunə əsasında təsvir ediblər.
Bu nümunələr 1995–2004-cü illər arasında Avstraliyaya təşkil olunan ekspedisiyalar zamanı toplanıb.
“Swiftiephylus” koksları “Miridae” fəsiləsinə aid edilib.
Tədqiqatın həmmüəllifi Sara Şröder bildirib ki, uzun illərdir Teylor Sviftin pərəstişkarı olduğu üçün yeni həşərat cinsinə müğənninin adını vermək istəyib.
“Sviftin uzun müddətdir pərəstişkarı kimi Teyloru bu şəkildə yad etmək, eyni zamanda hələ kəşf edilməli olan həşərat müxtəlifliyinə diqqət çəkmək mənim üçün vacib idi”, – deyə Şröder bildirib.
Şröderin sözlərinə görə, həşəratlara Sviftin adının verilməsinin səbəblərindən biri onların açıq rəngli görünüşüdür.
Bu xüsusiyyət müğənninin özünəməxsus obrazını xatırladır.