Dənizçi xanım: “Gəmiyə ilk gələndə ətəyim cırıldı...” – VİDEO- MÜSAHİBƏ

Dənizçi xanım: “Gəmiyə ilk gələndə ətəyim cırıldı...” – VİDEO- MÜSAHİBƏ
MARAQLI / Video

27 mart 2019, 11:45

Mətn ölçüsü

Dəniz və gəmi deyərkən, yalnız kişi dənizçilər göz önündə canlanır. Amma dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da cəsarəti, qorxmazlığı ilə seçilən dənizçi xanımlar var. Onlarda ilin 6 ayını dənizdə keçirirlər. Gəmi kapitanının baş köməkçisi, dənizçi xanım Rita Rzaquliyeva News24.az-a müsahibəsində dənizdə olmağın üstünlüyünü, eləcə də bir xanım üçün dənizdə yaşamağın çətinliklərini bizimlə bölüşür. 

Rita Rzaquliyeva deyir ki, əsas odur ki, işə gələndə sevinə-sevinə gələsən: Övladımı böyütmək üçün mütləq işləməliydim. Bu sənəti də çox sevirdim. Elə məhz bu sevgim məni “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə gətirdi. Əvvəlcə ən xırda işdən başladım, xadimə oldum. Bir müddət keçəndən sonra isə pillə-pillə irəliləməyə başladım. Ofis daxili kuryer işlədim, daha sonra yazı-pozu işləri görməyə başladım. İşim dənizçilərin sənədlərini hazırlamaq idi. Hər dəfə dənizçilərimizin formalarını görəndə çox sevinirdim. Daha sonra qərar verdim ki, mən də gəmiçi olmalıyam. Balıqçılıq Texnikumunu bitirmişəm. Sənədlərimi hazırlayıb işə qəbul üçün müraciət etdim. İşə qəbul edildim. 6 ildir kapitan köməkçisi işləyirəm. Həmçinin Həştərxanda ali təhsil alıram. Sənətimlə bağlı təhsilimi davam etdirirəm. Gələn il bitirəcəyəm”.

R.Rzaquliyeva deyir ki, işdən qorxmursansa, istənilən işdə işləyə bilərsən: “Ən əsası işi sevməkdir. İlk günlər səhhətim öyrəşmədiyi üçün mənə çətin olurdu. Daha sonra isə orqanizmim öyrəşdi, indi heç bir problem olmur. Əsas gəmiyə öyrəşənə kimidir, gəmi də sənə öyrəşməlidir. Əsas odur ki, işə gələndə sevinə-sevinə gələsən. Bu işə başlayanda küləkdən qorxurdum. Hava bərk küləkli olanda gəmini çox oynadır deyə sükan arxasında həyəcan keçirirsən. Amma vaxt keçdikcə bu, adi hala çevrilir, gəmiçi də küləyə öyrəşir”.

“Qadın özünə güvənməlidir. Əks halda çətin olacaq. İnam olmasa, anında düzgün qərar vermək mümkün olmaz” - deyir dənizçi xanım. Kapitan olmaq onun ən böyük arzusudur.  Dənizə gəldiyi ilk günü isə belə xatırlayır Rita xanım: “İlk gün nə geyinəciyimi bilmirdim. Dikdaban və kəsikli ətək geyinmişdim. Ayağımı atıb gəmiyə minəndə kəsiyim bir az cırıldı və yıxıldım. Sonra gəminin kapitanı mənə dedi ki, əgər gəmidə işləməyə gəlmisənsə gərək qadın paltarını unudasan... Və mən sonra dənizdə necə geyinmək lazımdır onun öyrəndim”. 

YouTube