Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir
    • 5-09-2019, 20:53
    • 1 717

Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir

Siqaret, enerji içkisi, duz, oturaq həyat tərzi, stress və fiziki aktivliyin aşağı olması ürək-damar problemlərini yaradan başlıca səbəblərdir.

News24.az məlumat verir ki, ötən əsrin 80-ci illəri ilə müqayisədə bu gün ürək problemləri istər cavan, istərsə də yaşlı insanlar arasında geniş yayılıb. Ürək problemləri ən çox 50-60 yaşlı insanlar arasında üstünlük təşkil edir. Xüsusilə qadınlar arasında menopauzadan sonrakı dövrdə bu problem daha çox özünü büruzə verir. Gənclər arasında isə bu xəstəliklərin geniş yayılma səbəbləri bir çox problemlərdən qaynaqlana bilər. Misal üçün, oturaq həyat tərzi, qidalanma qaydalarının pozulması və ya gec saatlarda yemək ürək xəstəlikləri zamanı ölüm riskini artırır. Yemək yedikdən dərhal sonra yatmaq bir sıra problemlərin yaranmasına səbəb olur. Ürək xəstəlikləri irsi olaraq da ötürülür. Erkən yaşında dünyasını dəyişənlərin övladlarının öz həyat tərzlərinə daha diqqətlə yanaşmaları lazımdır.

Bu gün ölkəmizdə əhalinin fiziki aktivliyi çox aşağı səviyyədədir. İnsanlar xarici ölkələrlə müqayisədə çox nadir hallarda idmanla məşğul olurlar. Gənclər həddindən artıq istifadə etdikləri enerji içkilərinin mənfi təsirlərindən xəbərsizdirlər. İstehsalçının belə içkilərinin gündə bir dəfə istifadəsinə icazə verdiyi halda, bəzən istifadə 8-10 dəfəyə qədər artır. 12-13 yaşlı yeniyetmələrin həyatları üçün isə enerji içkiləri böyük təhlükə mənbəyidir. Valideynlər də bu məsələdə diqqətli olmalıdırlar. Çünki bu içkilərin enerji verməsi, əhvalı yaxşılaşdırması kimi söyləntilər qətiyyən məntiqli yanaşma deyil.

Ürək və ağciyəri tam sağlam olan insanın oturaq həyat tərzi sürməsi onun təngnəfəsliyinə səbəb ola bilər. Əsası isə cəmiyyətimizdə insanların bu kimi kiçik məsələlərə laqeyd yanaşmalarıdır. Şəkəri, təzyiqi olan, siqaret çəkən insanların həm ürək, həm də ağciyər müayinəsindən keçmələri vacibdir. Bəzən xəstədə nə ağrı, nə də təngnəfəslik olur. Bu zaman həmin insan özünü bir il bundan öncə ilə müqayisə etməlidir. O, bir il bundan əvvəl də bu işləri etdiyi zaman onda bu kimi halların olub-olmadığını xatırlamalıdır. Çünki bu bəzən ilk siqnal da ola bilər.

Ürək-damar problemləri fiziki hərəkət və ciddi emosionallıq nəticəsində də ortaya çıxa bilər. Sinədə yanğı, göynəmə, kürək nahiyəsində olan ağrılar ilkin əlamət sayıla bilər, əgər bu ağrılar bir dəqiqədən artıq davam edərsə, problemin başlanğıcı hesab etmək olar. Bəzən bu problem gizli də davam edə bilər. Məhz bu səbəbdən hər bir İnsan öz bədənini tanımalıdır.