Şadlıq sarayları və "palatka"lar dezinfeksiya olunsun - millət vəkili
    • 8-03-2020, 15:42
    • 1 339

Şadlıq sarayları və "palatka"lar dezinfeksiya olunsun - millət vəkili

“Şadlıq saraylarında, eləcə də rayonlarda təşkil olunan “palatka” toylarında dezinfeksiya tədbirlərini gücləndirmək vacibdir”.


News24.az xəbər verir ki, bu sözləri Modern.az-a Milli Məclisin deputatı, həkim Musa Quliyev deyib. O qeyd edib ki, koronavirus təhlükəsindən qorunmaq üçün toy məclislərinin təxirə salınması etirazla qarşılana bilər:


“Bu, hər insanın həyatında bir dəfə olan hadisədir. Gənclərin arzularını, xəyallarını həyata keçirməyinə mane olmaq şəxsi həyata müdaxilə kimi də qiymətləndirilə bilər. Ona görə, toy məclislərini qadağan etməklə həmin gənclərin həyatına böyük zərbə vurmuş olarıq. Amma toylarımızda müəyyən məhdudiyyətlər tətbiq etmək, qonaq sayını azaltmaq, yaxın günlər üçün nəzərdə tutulmamış toyları ertələmək olar. İnsanların özündə də daxili mədəniyyət olmalıdır. Qızdırması, soyuqdəyməsi olan, hətta adi qripə yoluxmuş xəstə insanlar qələbəlik məclislərə qatılmamalıdırlar.


Nəzərə almalıyıq ki, Azərbaycanda koronavirus o qədər də geniş yayılmayıb. Nəzarət tədbirləri də güclüdür. İnsanlar da diqqətli olmaqla özlərini mütləq qorumalıdırlar”.


Qeyd edək ki, koronavirusun yayıldığı bir sıra ölkələrdə kütləvi məclislər, hətta toy şənliklərinin keçirilməsi müəyyən müddətə qadağan edilib.