Xırdalan məktəbində direktorla valideyn arasında QALMAQAL – - Polis işə qarışdı

Xırdalan məktəbində direktorla valideyn arasında QALMAQAL – - Polis işə qarışdı Maraqlı


Xırdalan şəhərində yerləşən məktəblərin birində şagirdin psixoloji zorakılığa məruz qaldığı və təhqir olunduğu iddia edilib.

Bu barədə Bakuplus.az-a şagirdin valideyni Namiq Ağayev məlumat verib.

Namiq Ağayevin iddiasına görə, Xırdalan 1 nömrəli məktəbin 5-ci sinfində oxuyan oğlu direktor Arifə Babakişiyeva tərəfindən təzyiqlərə məruz qalır:

“Övladımın təhsil aldığı sinifdə nadinc və dəcəl bir uşaq var. Bu uşaq dəfələrlə şagirdlərə qarşı nalayiq ifadələr işlədib və döyməyə başlayıb. Valideynlər də bu barədə bir neçə dəfə direktora şikayət ediblər. Direktor Arifə Babakişiyeva isə bu şikayətlərə “Uşağın dayısı tiktokerdir, biz ona heç nə edə bilmirik” cavabını verib.

Dekabrın 18-i həmin uşaq sinifdə digər şagirdi döyüb. Mənim oğlum isə buna görə o uşağa irad bildirib. Növbəti dərs günü direktor həmin uşağın valideyni ilə sinfə girərək övladımı təhqir edib. Arifə Babakişiyeva oğlumun başına telefonla dəfələrlə vurub. Hadisəni biləndən sonra mən məktəbə getdim. İradımı bildirəndə ilk sözü “Ala, bilirsən nə var” oldu. Mən də “Ala nədir, mədəniyyətin olsun” dedim. O da “Mədəniyyətsiz sənin nəslindir” dedi.

Sonra polisə müraciət etdim. Məlum oldu ki, qarşı tərəf də məndən polisə şikayət edib. İzahat vermək üçün şöbəyə dəvət edildim.


Hadisədən 6 gün sonra özünü qazi kimi təqdim edən bir nəfər mənə zəng vurub görüşmək istədiyini dedi. Mən də hər bir azərbaycanlı kimi qazilərə xüsusi hörmət bəsləyirəm və görüşə razılıq verdim. Amma şübhələndiyim üçün görüşü müşahidə kameralarının olduğu əraziyə təyin etdim. Danışıqlarımızı qeydə almaq üçün telefonda səs yazını açdım. Görüşə 4 nəfər gəldilər və məndən Arifə xanımdan üzr istəməyimi, şikayəti geri götürməyimi istədilər. Əks halda məni “sındıracaqlarını”, Xırdalanda artıq yaşaya bilməyəcəyimi dedilər. Hazırda polis araşdırma aparır”.

Valideyn qeyd edir ki, şikayəti geri götürmək üçün başqa müəllimlər tərəfindən övladına təzyiq olunur:

“Uşağımın psixologiyası pozulub. Hadisədən sonra dərsə iki gün getdi. Amma məktəbdə bəzi müəllimlər tərəfindən övladıma təzyiq olunur ki, şikayəti geri götürüm. “Satqın olma” deyirlər. Övladım artıq məktəbə getmir”.

Məsələ ilə bağlı Bakuplus.az Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.