Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
    • 15-02-2019, 17:21
    • 2 539

Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

Fevralın 19-u Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda görkəmli bəstəkar, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, professor Süleyman Ələsgərovun anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

News24.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor  Firəngiz Əlizadə konfransda ön sözlə çıxış edəcək. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq  üzrə fəlsəfə doktoru, professor Akif Quliyev, o cümlədən  Əməkdar mədəniyyət işçisi,Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı görkəmli bəstəkarIn həyat və yaradıcılığından bəhz edən məruzələrlə çıxış edəcəklər.

Tədbir iştirakçıları həmçinin  istetdadlı gənc tarzən Sahib Paşayevın ifasında  bəstəkarın  “Tar ilə simfonik orkestr üçün Konsert”-dən bir hissəni, Əməkdar artist Anar Şuşalının ifasında isə “Vətənimdir”  romansını dinləyəcəklər. Həmçinin, Şuşa musiqi məktəbinin şagirdləri bəstəkarın əsərlərini ifa edəcəklər.

Qeyd edək ki, Azərbaycan musiqi tarixində və inkişafında Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, istedadlı dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor  Süleyman Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir.

Süleyman Ələsgərov  1924-cü ildə fevralın  22-də Azərbaycanın ən dilbər guşələrindən olan Şuşada dоğulub. O, 1948-ci ildə konservatoriyanı bitirəndən sonra uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru (1949-1965), Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çağlı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləyib.

S.Ələsgərovun yaradıcılığında оperetta janrı əsas yer tutur. Onun  “Ulduz” (1948), “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan ay subaylıq” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım” (1971), “Məhəbbət gülü”, “Subaylardan görəsiz”, “Gurultulu məhəbbət” operettaları Azərbaycan Musiqili Kоmediya Teatrının uzun illər repertuarını bəzəyib.

Bundan başqa, bəstəkarın “Bahadır və Sоna”, “Sоlğun çiçəklər” оperaları, bir neçə kantata, “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz” simfоnik muğamı, simfоnik pоema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), “Tarantella”, “Rəqs-tokkata”, “Rondo”, “Aşıqvari”, Qanun aləti üçün yazdığı “Poema”(“Rapsodiya”) və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

1972-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialını yaradan S.Ələsgərov ömrünün sonuna kimi bu təşkilata rəhbərlik edib.
Süleyman Ələsgərоv 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.

News24.Az