Mədəniyyət nazirinin müavini Fransanın Paris şəhərinə səfər edib - FOTO
    • 25-03-2019, 11:23
    • 822

Mədəniyyət nazirinin müavini Fransanın Paris şəhərinə səfər edib - FOTO

2019-cu ilin 19 mart tarixində Novruz bayramının UNESCO-nun Bəşərriyyətin Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahıya daxil eilməsinin 10 illiyi münasibətilə UNESCO-nun mənzil gərargahında Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Hindistanın bu qurumun yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənəli şəkildə qeyd olunub.

News24.az
xəbər verir ki, tədbirdə xarici ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri ilə yanaşı Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti və Azərbaycanın Xalq artisti, tanınmış muğam ustası Alim Qasımov iştirak etmişdi. UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez tədbirdə çıxış edərək Novruz bayramının 2009-cu ildən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığını, BMT Baş Məclisinin qərarı ilə hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğunu bildirib.

Eyni zamanda tədbirin digər rəsmiləri Novruz bayramının xalqların zəngin milli-mənəvi dəyərlərini, tarixi adət-ənənələrini qoruyub saxladığını vurğulamış, Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırmışdır. Daha sonra UNESCO-nun mənzil-qərargahına konsert vermək üçün dəvət olunan Azərbaycanın Xalq Artist, 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımov qonaqlara təqdim olunmuş və görkəmli xanəndənin fəaliyyəti barədə məlumat verilib.

Alim Qasımov isə öz növbəsində tədbirin iştirakçılarını muğamla salamlamış və Novruz bayramı münasibətilə qonaqları təbrik edib.

Bayram tədbirində təşkilatçı ölkələrin milli musiqiləri və rəqsləri ifa edilmiş, həmçinin həmin ölkələrin mətbəxinin nümayişi ilə yanaşı Azərbaycanın milli mətbəxinin ləziz nümunələri də tədbir iştirakçılarına təqdim edilib.