“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” adlı konfrans keçiriləcək
    • 27-03-2019, 17:52
    • 1 132

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” adlı konfrans keçiriləcək

AMEA-nın Memarlq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə 28 mart 2019-cu il tarixində “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək.

News24.az xəbər verir ki, 2019-cu ilin mart ayında anadan olmasının 120 illiyi tamam olan böyük yazıçı, dramaturq, şair, publisist, rejissor Cəfər Cabbarlının yubileyinə həsr edilən konfransın məqsədi ədibin çoxşaxəli bədii və ictimai fəaliyyətini, həmişəyaşar yaradıcılığını bir daha tədqiqat predmetinə çevirmək, onun milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərinə işıq salmaqdır.

Milli mədəniyyətimizin tarixinə adı qızıl hərflərlə yazılmış, həm yüksək bədii səviyyəsi, həm də ideya-məzmunu ilə hər zaman dəyərini və aktuallığını qoruyan C.Cabbarlı yaradıcılığına yeni baxış olacaq bu konfransın keçirilməsi, eyni zamanda, 17 dekabr 2018-ci il tarixli “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan addım kimi əhəmiyyətli rol oynayacaq.

Konfransın açılışı 28 mart 2019-cu il tarixində, saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının (2-ci mərtəbə) konfrans zalında keçiriləcək.