Görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr olunan məqalələr toplusu NƏŞR EDİLİB
    • 13-04-2019, 12:56
    • 1 002

Görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr olunan məqalələr toplusu NƏŞR EDİLİB

Azərbaycan Dillər Universiteti (ADU) “Aida İmanquliyeva və Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” məqalələr toplusunu nəşr edib.

News24.az
xəbər verir ki, multikulturalizm elmi-tədqiqat laboratoriyası tərəfindən nəşrə hazırlanan topluya akademik Kamal Abdulla “Ön söz” yazıb. Məqalələr toplusunun redaktorları dosentlər İrina Kunina və Nurlanə Mustafayeva, rəyçiləri tarix üzrə elmlər doktoru, şərqşünas Nərgiz Əliyeva və tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov, tərtibçisi isə tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovdur.

Topluda görkəmli Azərbaycan şərqşünası, professor Aida İmanquliyevanın anadan olmasının 78-ci ildönümü münasibətilə ADU-da “Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” mövzusunda keçirilmiş dəyirmi masanın materialları təqdim edilib. Topluda “Aida İmanquliyevanın multikulturalizmin inkişafında rolu”, “Aida İmanquliyevanın tədqiqatlarının əsas məziyyətləri: multikultural dəyərlərin öyrənilməsi”, “Şərqlə Qərb – Aida İmanquliyeva yaradıcılığında fərqli dünyalar, ortaq dəyərlər”, “Aida İmanquliyevanın yaradıcılığında İslam mədəniyyətinin Qərbə təsiri məsələsi” və “Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” başlıqlı məqalələr yer alıb. Həmçinin görkəmli şərqşünas alimin yaradıcılığı işığında ərəb məhcər ədəbiyyatının Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə kimi təmsilçilərinin əsərləri tədqiq edilib və nümunələr verilib.