Xaçmazda Tofiq Tağızadənin 100 illik yubileyi qeyd edilib - FOTO
    • 17-04-2019, 15:20
    • 1 014

Xaçmazda Tofiq Tağızadənin 100 illik yubileyi qeyd edilib - FOTO

Aprelin 16-da Xaçmaz Heydər Əliyev Mərkəzində görkəmli kino rejissoru, xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, həmçinin əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayev, xalq artistləri Ənvər Həsənov, Rafiq Əzimov və rayon  ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

News24.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Dövlət Film Fondunun hazırladığı Tofiq Tağızadənin həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən biri də Xalq artisti, görkəmli kino rejissor Tofiq Tağızadədir. 

Nadir istedada malik olan kino-rejissor Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və onun “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”  və s. filmləri milli kinomuzun qızıl fondunu təşkil edir.

Yubiley gecəsinin aparıcısı – əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayev Tofiq Tağızadənin Azərbaycan kino sənətinə bəxş etdiyi filmlər haqqında danışdı. Həmin filmlərdən fraqmentlər nümayiş etdirildi.

Xalq artistləri Ənvər Həsənov və Rafiq Əzimov görkəmli kino-rejissorun həyat və yaradıcılığı haqqında fikirlərini bölüşdülər.