X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək

X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək
MƏDƏNİYYƏT

17 aprel 2019, 21:00

Mətn ölçüsü

22-27 aprel tarixində Bakıda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalının keçirilməsi nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, festivalda Rusiya, İsveçrə, Almaniya, İspaniya, ABŞ-dan dünya şöhrətli musiqiçilər və kollektivlər – Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Mühchenklang Orkestri və Xoru, Lozanna Kamera Orkestri, tanınmış pianoçular Boris Berezovski, Yefim Bronfman, Aleksandr Kantorov, skripkaçı Sergey Krılov, violonçel ifaçısı Pablo Ferrandez və başqaları iştirak edəcəklər.

Xarici musiqiçilərlə yanaşı Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayev, Əməkdar artist Fuad İbrahimov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcəklər. Konsert proqramlarında L.V.Bethoven, Y.Brams, C.Verdi, F.Şubert, K.Sen-Sans, P.İ.Çaykovski, S.Raxmaninov, A.Skryabin, Q.Qarayev, N.Metner, Q.Forenin əsərləri səslənəcəkdir.

Mstislav Rostropoviç 1927-ci il martın 27-də Bakı şəhərində tanınmış violonçel ifaçısı və pedaqoq Leopold Rostropoviçin ailəsində anadan olub. Musiqiçi uşaqlıq illərini Bakıda keçirmiş, ilk musiqi təhsilini atasından alıb. İkinci dünya müharibəsi illərində ailəsi ilə birgə Orenburqa, daha sonra Moskvaya köçən M.Rostropoviç Dövlət Konservatoriyasında violonçel və bəstəkarlıq siniflərində təhsil alıb.

Onun müəllimləri arasında dahi rus bəstəkarları Dmitri Şostakoviç və Sergey Prokofyev olmuşlar. Gənc Rostropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin müsabiqəsinin, Praqa (1950) və Budapeştdə (1951) beynəlxalq musiqi müsabiqələrinin qalibi olmuş, 23 yaşında Stalin mükafatına layiq görülüb. Artıq bütün SSRİ-də şöhrət qazanmış M.Rostropoviç Leninqrad (indiki Sank-Peterburq) və Moskva Dövlət Konservatoriyalarında pedoqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin formalaşmasında əvəzsiz xidmətlər göstərib.

1997-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Mstislav Rostropoviç Bakıya dəvət olunmuş və sənətkarın 70 illik yubiley tədbirləri təntənəli şəkildə keçirilib.

Yubiley münasibəti ilə o, Azərbaycan Respublikasının mükafatı-“Şöhrət” ordeni ilə təltif olunmuşdur. 1998-ci ildə dahi musiqiçinin şərəfinə onun ailə üzvlərinin iştirakı ilə Bakı şəhərində doğulduğu evdə Rostropoviç ev-muzeyi açılmışdır. Daha sonra musiqiçi hər il mütəmadi olaraq Bakıya səfər edərək, ustad-dərslər, konsertlər, müxtəlif tədbirlər, festivallar keçirmişdir. 2002-ci ildə ölkəmizdə M.Rostropoviçin 75 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, dahi musiqiçinin təşəbbüsü ilə yapon musiqi alətləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə hədiyyə olunub.

Məhz M.Rostropoviçin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2006-cı ildə Bakıda dahi rus bəstəkarı Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Öz doğma Vətənində Rostropoviçin adını da daşıyan festivalın keçirilməsi musiqiçinin ən böyük arzusu idi. Lakin M.Rostropoviç 2007-ci ildə Moskva şəhərində vəfat edib.

Ölümündən sonra onun arzusunu nəzərə alaraq, Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2007-2017-ci illərdə Rostropoviçin adını daşıyan doqquz Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.
 
Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalının proqramı
22 aprel, saat 19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Bədii rəhbər və baş dirijor
Rauf Abdullayev
Sergey Krılov (violin, Rusiya)
Aleksandr Kantorov (piano, Fransa)
 
23 aprel, saat 19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası
Lozanna Kamera Orkestri (İsveçrə)
Dirijor Coşua Vaylerştayn (ABŞ)
Yefim Bronfman (piano, İsrail, ABŞ)
 
24 aprel, saat 19.00
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
Fortepiano musiqisi axşamı
Boris Berezovski (piano, Rusiya)
 
25 aprel, saat 19.00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Boris Eyfmanın
Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı
“Günahın o tayında”
İkipərdəli balet
 
26 aprel, saat 19.00
Heydər Əliyev Sarayı
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor Fuad İbrahimov
Pablo Ferrandez (cello, İspaniya)
 
27 aprel, saat 19.00
Heydər Əliyev Sarayı
“Münchenklang” orkestri və xoru (Almaniya)
Dirijor Tomas Hefele
Anna Karmazin (soprano)
Lüdviq Mittelhammer (bariton)