"Mədəniyyət" kanalının təşkilatçılığı ilə Mürsəl Bədirovun xatirəsi anılıb
    • 23-04-2019, 14:31
    • 1 212

"Mədəniyyət" kanalının təşkilatçılığı ilə Mürsəl Bədirovun xatirəsi anılıb

Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı ilə “Əbədiyaşar” silsiləsindən tanınmış vokalçı, xalq artisti Mürsəl Bədirovun xatirəsinə həsr edilmiş konsert proqramı keçirilib. News24.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi əsasında baş tutan xatirə gecəsində bədii rəhbər və baş dirijor Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri çıxış edib.

Konsertdə xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər İlahə Əfəndiyeva, Tural Ağasıyev, İlham Nəzərli, Fərid Əliyev, Afaq Abbasova, Səbinə Şərifəliyeva, Əliəhməd İbrahimov, Cahangir Qurbanov və başqaları çıxış ediblər.

Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov bildirib ki, “Əbədiyaşar” silsiləsindən bu cür tədbirlərin keçirilməsi çox vacibdir: “Bildiyiniz kimi, mütəmadi olaraq, bizim əbədiyaşar ifaçılarımızın, musiqiçilərimizin, şairlərimizin gənc nəsillərə təbliği istiqamətində ölkəmizdə dövlətimiz tərəfindən böyük işlər görülür. Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanımızın müxtəlif sənət ocaqları ilə birgə tədbirlər keçirir. Bu dəfəki tədbiri də Azərbaycanın opera ifaçısı Mürsəl Bədirovun xatirəsinə həsr etmişik. Mürsəl Bədirov istər opera ifaçısı, istər uzun illər Bakı Musiqi Akademiyasında pedaqoq kimi səmərəli fəaliyyət sürmüş və Azərbaycan opera ifaçılığına neçə-neçə gənc istedadlar yetişdirmişdir. Eyni zamanda özü 50-ci illərin sonundan 60-70-ci illərdə Akademik Opera və Balet Teatrında bir-birindən maraqlı baş qəhrəman obrazları ilə çıxış etmişdir. Bu kimi tədbirlərin keçirilməsi zənnimcə klassik musiqinin təbliğatına bir töhvədir. Fürsətdən istifadə edib bu gecənin bütün yaradıcı və texniki heyətinə təşəkkürümü bildirirəm”.