Cəfər Cabbarlının 120 illiyi münasibətilə tədbir keçiriləcək
    • 20-05-2019, 15:42
    • 1 029

Cəfər Cabbarlının 120 illiyi münasibətilə tədbir keçiriləcək

2019-cu il martın 20-də Azərbaycan ədəbiyyatının klassiki, Azərbaycanın Əməkdar incəsənət xadimi, dramaturq, şair və nasir, teatr və kino xadimi, tərcüməçi, ssenarist, jurnalist, aktyor, rejissor Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olub. 

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə müvafiq sərəncam imzalanıb.

Bununla əlaqədar Abdulla Şaiqin Mənzil-Muzeyində Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə əlaqədar 23 may 2019-cu il tarixində saat 14:00-da tədbir keçiriləcək.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Memarlıq və İncəsənət İnstitutunun alimləri, Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru, (həmçinin nəvəsi) Qəmər Bağırova, Bakı şəhər xatirə muzeylərinin,  Abdulla Şaiq adına 54 saylı tam orta məktəbin və Abdulla Şaiq adına kitabxananın əməkdaşları, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Tədbirin bədii hissəsində ədibin müxtəlif əsərləri gənc istedadların ifasında təqdim ediləcək, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirlə bağlı slayd-şou nümayiş ediləcək.

Tədbirin keçirilməsində əsas məqsəd  Cəfər Cabbarlının əziz xatirəsini bir daha yad etmək, zəngin yaradıcılığını təbliğ etməkdən ibarətdir.