Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTO
    • 22-05-2019, 18:52
    • 2 081

Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTO

Mayın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert Salonunda görkəmli musiqişünas-alim, Respublikanın Xalq artisti, “Şöhrət” Ordenli, professor, sənətşünaslıq elmləri doktoru, “Humay” Milli Mükafatı laureatı Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi-konfrans həmçinin “Milli musiqişünaslığımızın iftixarı” adlı kitabının təqdimatı olub.

News24.az-ın xəbərinə görə, tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə görkəmli alimin ömür yolu və zəngin yaradıcılığından danışıb. Bildirib ki, elə insanlar var onları xalqımızın taleyinə Allahın bir lütfü kimi qəbul edirik. Zəngin və mənalı ömür yaşayan dərin düşüncəli alim, musiqişünas, pedaqoq, Bəstəkarlar İttifaqının fəal üzvlərindən olmuş Ramiz müəllim belə insanlardandır: “Bizim aramızda olmasa da, onun adı Bəstəkarlar İttifaqında həmişə xatırlanır. O qədər xarizmatik, çoxyönlü fəaliyyəti vardır ki, hamsını desəm böyük mövzu ola bilər. Ramiz müəllim birinci növbədə musiqişünas-alimdir. Çox fəxrlə qeyd edirdi ki, kitabları müxtəlif ölkələrdə tirajlarda çap olunub. Rusiyada, Türkiyədə, İranda və ölkəmizdə 25 kitabı çap olunub. Bu kitablar dolğun məlumatlarla zəngindir”.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimləri Zemfira Qafarova Ramiz Zöhrabovun Azərbaycan musiqi elmində özünəməxsus yeri olduğunu vurğulayıb. 
Tədbirdə çıxışlarda qeyd edilib ki, xalq və professional musiqimizə, bəstəkarlarımızın yaradıcılığına həsr olunmuş çoxlu sayda monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi, populyar məqalənin müəllifi olan R.Zöhrabovun tədqiqatlarının başlıca obyekti muğamdır. Onun musiqi elminin bir sahəsi olan muğamşünaslığın inkişafında mühüm xidmətləri var. R.Zöhrabovun ilk dəfə olaraq, görkəmli xanəndələrin ifasından 100 təsnifi nota yazması və onun əsasında təsniflərin janr xüsusiyyətlərinin və musiqi dilinin təhlilini aparması, o cümlədən 9 zərbi-muğamı xanəndə və sazəndə ansamblının ifasından partitura şəklində nota yazaraq onların nəzəri əsaslarını öyrənməsi diqqətəlayiqdir.

Vurğulanıb ki, R.Zöhrabovun tədqiqat əsərləri digər ölkələrdə - Rusiyada, Orta Asiya ölkələrində, o cümlədən İran elmi mühitində maraqla qarşılanıb. Onun muğamın nəzəri əsasları ilə bağlı tədqiqatı fars dilinə tərcümə edilmiş, əvvəlcə hissə-hissə jurnallarda, sonra isə tam şəkildə kitab halında “Azərbaycan modal musiqisi” adı ilə nəşr olunub.

R.Zöhrabovun musiqişünas kimi elmi yaradıcılığının bir qolu da təhsil və maarifçiliklə bağlıdır. Vaxtilə onun televiziyada müəllifi və aparıcısı olduğu “Bəstəkarlarımızın portreti”, “Sənətə həsr olunmuş ömür”, “Poeziya və musiqi”, “Romans axşamı” və xüsusilə “Xalq musiqisi inciləri” silsiləsindən “Muğam sənəti haqqında”, muğam dəstgahlarına həsr olunmuş verilişləri tamaşaçıların yaddaşına həkk edilib. İndiki musiqişünaslar nəslinin əksəriyyəti görkəmli alimin tələbəsi olub. R.Zöhrabov, həmçinin bir çox musiqişünasların diplom işlərinin, magistr və namizədlik dissertasiyalarının elmi rəhbəri, doktorluq dissertasiyalarının elmi məsləhətçisi olaraq onlara, öz tədqiqat metodikasını aşılayıb və ardıcıllarını yetişdirib.

“Milli musiqişünaslığımızın iftixarı” adlı kitabın tərtibçisi, mərhumun qızı Leyla Zöhrabova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək nəşr haqqında öz fikirlərini bölüşüb. Bildirib ki, kitabda Ramiz Zöhrabovun müxtəlif illərdə həm ölkəmizdə, həm də rus dillərində jurnal, məcmuə, qəzet və kitablarda musiqişünaslar, bəstəkarlar, ifaçılar haqqında dərc olunan seçilmiş elmi-publisistik məqalələri və resenziyaları əksini tapıb.

Tədbirdə həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim,professor Səadət Seyidova “Ramiz Zöhrabov – milli musiqişünaslığımızın iftixarı” kitabı haqqında”, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Ramiz Zöhrabovun elmi yaradıcılığı”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Ramiz Zöhrabovun maarifçilik fəaliyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva “Ramiz Zöhrabovun pedaqoji fəaliyyəti haqqında” məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində Xalq artisti Ağaverdi Paşayevin rəbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri R.Zöhrabovun “Uşaq lövhələri” Süitasından “Tap görüm” adlı hissəni, “Qavalla rəqs”ini və “Musiqi lövhələri” Süitasının I hissəsini ifa edib.

Tədbir iştirakçıları həmçinin Bəsti Qasımova və Orxan Cəlilovun ifasında R.Zöhrabovun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Hər gün”, o cümlədən Beynəlxalq müsabiqələr laureatı Rövşən Qurbanovun (tar), Əməkdar artist Toğrul Əsədullayevin (kamança), Əlibala Rzayevin (piano) və Amil Mustafayevin (nağara) müşayiəti ilə Muğam televiziya müsabiqəsinin laureatı Rəvanə Qurbanovanın ifasında “Məhəbbət yollarında” mahnılarını dinləyiblər.

Sonda R. Zöhrabovun ailəsi adından qızı Leyla Zöhrabova çıxış edərək tədbirin keçirilməsinə görə başda sədr Firəngiz Əlizadə olmaqla Azərbaycan Bəstəkarlar İttifaqının kollektivinə təşəkkürünü bildirib.