"Musa Yaqubun ad almağı ona min dərmandan daha çox təsir edəcək" - RAMİZ RÖVŞƏNDƏN EKSKLÜZİV AÇIQLAMA
    • 25-05-2019, 14:57
    • 1 362

"Musa Yaqubun ad almağı ona min dərmandan daha çox təsir edəcək" - RAMİZ RÖVŞƏNDƏN EKSKLÜZİV AÇIQLAMA

"Musa Yaqubun ad almağı özümün ad almağımdan daha çox sevindirdi məni". Bunu bu gün Azərbaycanın Xalq şairi fəxri adına layiq görülən Ramiz Rövşən News24.az-a açıqlamasında bildirib: "Musa xəstədir indi, elə bilirəm ki, bu xəbər ona min dərmandan daha çox təsir edəcək. Musa çoxdan bu adı almalıydı. Dostlarım, oxucularım zəng vurub təbrik edir. Mənim oxucularımı çox sevindirən xəbərdir. Dostlarımın çoxu məni xalq şairi sayırdılar. Bəlkə də bəziləri çaşacaqlar ki, bunlar hələ xalq şairi deyilmişlər. Sovet dövründən gələn bir ənənə var idi, sənətkara qiymət verəndə sənət meyarlarından daha çox, siyasi maraqlar daha çox üstün tutulurdu. Bu adlar məhz sənət meyarları nöqteyi nəzərindən həmin o ənənəyə son qoymaq cəhdi kimi dəyərləndirilməlidir. Sənətkara məhz sənət meyarları ilə, sənət ölçüləri ilə yanaşmağı çox müsbət sayıram. Çoxdan oxucuların arzusu idi və düşünürəm ki, onların arzusu yerinə yetirildi. Mən həmişə o fikirdə olmuşam ki, sənətçiyə ad verilməsini hərbi ad verilməsi kimi iarxiyada görmək bəlkə də düz deyil. Amma digər tərəfdən sənətçinin əsl qiyməti hər halda verilməlidir. Yenə də deyirəm, özümdən daha çox Musaya görə sevindim. Bu mənəvi dayaqdır. Allah dostumuza can sağlığı versin".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Sərəncam imzalayıb.

 Afaq Mirayiq