“Liatris Holdinq” və News24.az-da «əsrə bərabər gün» yaşandı… - FOTO - VİDEO
    • 3-06-2019, 15:04
    • 3 062

“Liatris Holdinq” və News24.az-da «əsrə bərabər gün» yaşandı… - FOTO - VİDEO

- Ana bax, televiziyadan gəliblər? Görəsən, məndən müsahibə alacaqlar? - deyə sevincindən üzündə çiçəklər açan bala… Kimisi atasının əlindən bərk tutub həyəcanlanır, kimisi qürurundan yerə-göyə sığmır… Lap balaca fidanlar isə heç nəyə məhəl qoymayaraq tavandan asılmış rəngbərəng şarları tutmağa çalışır... Hələ övladlarının ilk uğuruna sevinc göz yaşları ilə qatılan valideynləri demirəm...”

Bütün bu həyəcan və coşğu 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Liatris Holdinq” və News24.az saytının təşkilatçılığı ilə “Mənə dünyanı çək” adlı rəsm-sərgi müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirdə yaşandı… 150-dən artıq rəsm əsərinin nümayiş olunduğu sərgidə ictimai-siyasi və mədəniyyət-incəsənət nümayəndələri iştirak etdi. Rəsm-müsabiqə haqqında tədbir iştirakçılarını məlumatlandıran aparıcısı Azər Süleymanlı mükafatlandırmanın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə həyata keçirildiyini vurğuladı: “Rəsm – sərgi müsabiqəsi 2 yaş kateqoriyası üzrə baş tutub. Müsabiqə 5-10 və 11-15 yaş kateqoriyalarında bir ay müddətinə təqdim edilib. Mayın 27-də münsiflər heyətinin qərarı ilə hər iki yaş kateqoriyasında I, II, III yerin qalibləri seçilib. Eyni zamanda, hər iki yaş kateqoriyasında 5 həvəsləndirici mükafat təyin edilib. I yerin qaliblərinə 500 manat, II yerin qaliblərinə 300, III yerin qaliblərinə isə 200 manat dəyərində pul mükafatı təyin edilib. Qaliblər sərgi-müsabiqənin təşəbbüskarı, iş xanımı Ruhi Əliyeva, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, xalq artisti Fidan Hacıyeva, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Anar Qurbanov, rəssam Milena Nəbiyeva tərəfindən seçilib”.
Aparıcı tədbirdə ilk sözü sərgi-müsabiqənin təşəbbüskarı, “Liatris Holdinq”in direktoru Ruhi Əliyevaya təqdim edib. Gələn qonaqları salamlayan iş xanımı bu işdə dəstək olan münsiflər heyətinə təşəkkürünü bildirib: «Öncə bu işdə bizə dəstəyi olan peşəkar münsiflər heyətinə öz minnətdarlığımı bildirirəm. Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə belə sevincli üzləri görmək necə də böyük xoşbəxtlikdir. Hər bir vətəndaşın borcudur ki, bu günkü gündə bizim gözəl balalarımızı təbrik etsin, bu gün biz də rəsm müsabiqəsi və sərgisi təşkil etdik, Azərbaycanın çox istedadlı övladları var, mən bununla qurur hissi duyuram. İnanın o rəsmlərin hər birinə baxdıqca içimdə o qədər fərəh, qürur hissi duydum ki, görün Azərbaycanın nə qədər istedadlı övladları var. Azərbaycanın gələcəyi, istedadlı balalarımıza hər zaman dəstək olmaq borcumuzdur. Övladlarımız üçün bu gün rəsm, sabah başqa bir uğuru naminə gücümüzü, fikirlərimizi, dəstəyimizi onlardan əsirgəməyək. Uşaqlar bizim gələcəyimiz, varlığımızdır. Onlar gələcəyin əsgəri, məmuru, sənətçisidir. Bizim gələcəyimizdir».
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov da belə bir tədbirin təşkil olunmasını olduqca təqdirəlayiq addım kimi qiymətləndirib. O, qeyd edib ki, 150-dən çox iştirakçının gözəl rəsmləri arasından 1, 2, 3-cü yerləri seçmək çox çətin olub: «Bu müsabiqəyə Azərbaycanın həm şəhər, həm də bölgələrindən uşaqlar qatıldı. Çox qürurverici haldır ki, bizim belə istedadlı balalarımız var. Və biz seçim edərkən əsasən rəsmlərdəki ideaya, uşaq təfəkkürünün maraqlı məhsullarına daha çox önəm verdik. Digər uşaqların da rəsmləri gözəldir, hələ bu uşaqların gələcəyi, uğurları qabaqdadır».

Tədbirin tribunasından valideynlərə və uşaqlara çağırış edən millət vəkili Qənirə Paşayeva arzularını dilə gətirib: «Dünyanızda nə varsa, o dünyanızda bütün arzularınız, xəyallarınıza çata bilmənizi arzulayıram. Ruhi xanıma, onunla birlikdə bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Çünki uşaqların bayramında belə mənalı bir layihəyə üstünlük vermək çox təqdirəlayiq addımdır. Uşaqlara hədiyyə də vermək olardı, bayram da keçirmək olardı, amma bugünkü tədbirin mahiyyəti gələcəyə yönəlmiş bir layihədir. Məhz istedadlı uşaqlarımızı sənət sahəsində üzə çıxarmaq və onlara stimul vermək olduqca əhəmiyyətlidir. Çünki biz hamımız uşaqlıq dövrünü yaxşı xatırlayırıq ki, hər hansı kiçik stimul, toxunuş həyatımızda nə qədər önəmli dönüş nöqtələrinə səbəb olub. Mən burdan valideynlərə də təşəkkür etmək istəyirəm ki, övladlarının içində olan o istedadı üzə çıxarmağa çalışırlar. Millətin gələcəyi məhz bu cür istedadlı uşaqların özünü reallaşdırmasından keçir. Uşaqlar, siz də arzularınızdan heç vaxt vaz keçməyin». 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı söz açan əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova isə bildirib ki, Azərbaycanda uşaqların qorunması qanunla tənzimlənir: «Əziz uşaqlar, istəyirəm biləsiniz ki, sizin hüquqlarınız dövlətimiz tərəfindən qorunur və siz əmin əllərdə olduğunuzu bilməlisiniz. Bu müsabiqədə də sizin rəsmlərinizə baxmaq, sizin dünyanıza baş vurmaq, bizim üçün də bir şans idi. Biz mümkün qədər çalışdıq ki, obyektiv olaq. Rəsmlərdə biz əsas ideaya, texniki hissəsinə nəzər saldıq».


Tədbirdə eyni zamanda, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Anar Qurbanov, rəssam Milena Nəbiyeva, xalq artisti Nəzakət Teymurova, xalq artisti Fidan Hacıyeva da çıxış edərək fikirlərini bölüşüblər. Çıxışlardan sonra isə tədbirin aparıcısı o həyəcanlı anın gəlib çatdığını, yəni qaliblərin mükafatlandırılacağı anı elan edib.


Beləliklə, 5-10 yaş qrupunda I yerə qalibi Emin Əbdüləzmzadə, II yerə Dəniz Quliyeva, III yerə isə Aylin Qurbanlı layiq görüldü. 11-15 yaş qrupunda isə I Firəngiz Həsənova, II Finarə Nəzərova, III Turan İbrahimli oldu. Həmçinin hər yaş kateqoriyasından 5 nəfər həvəsləndirici mükafata layiq görülüb. Qaliblərin hər biri münsiflər heyəti tərəfindən ayrılıqda mükafatlandırılıb. Açılış və təltifetmə mərasimindən sonra isə istedadlı uşaqların rəsm əsərlərindən ibarət sərginin qırmızı lenti kəsilib.
Afaq Mirayiq
Video: Fərid Şabanov
Foto: Nicat İBADOV