“Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi açılacaq
    • 1-07-2019, 18:13
    • 1 200

“Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi açılacaq

Bakı şəhərində təşkil olunan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ölkəmizin mədəni həyatında əhəmiyyətli bir hadisədir.

News24.az xəbər verir ki, 43-cü sessiya çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi 3 iyul – 30 sentyabr 2019-cu il tarixlərində təqdim olunacaq. Sərginin rəsmi açılış mərasimi 2 iyul tarixində saat 19:30-da baş tutacaq.

“Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərginin keçirilməsi ölkəmizin mədəni həyatında çox önəmli bir haldır. Belə ki, mədəniyyət tariximizdə ilk dəfə olaraq dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat nümayiş olunacaq. 

Bu sərgi gələcəkdə iki mədəniyyət ocağı arasında daha da sıx əlaqələrin qurulmasına və milli irs nümunələrimizin təqdim olunduğu birgə irimiqyaslı layihələrin keçirilməsinə təkan verəcək, ölkələr arasındakı dostluq münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə xidmət edəcəkdir. Layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Fransanın Azərbaycandakı Səfirliyi, Luvr Muzeyi, Azərbaycanda Fransa İnstitutu və “SILK WAY WEST AIRLINES” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.