"82 yaşlı qoca üçün pis deyiləm”- MUSA YAQUB
    • 14-08-2019, 13:51
    • 1 182

"82 yaşlı qoca üçün pis deyiləm”- MUSA YAQUB

“İki gündə gəlib gedənlərin sayı-hesabı yoxdur. Bayramda isə qonaqlarımın sayı lap çox idi. Mənə olan bu sevgiyə görə xalqıma minnətdaram. Məndən uzaqda olan adam yoxdur, necə ki, mən hamını yaxın bilirəm”.

Bunu News24.az-a xalq şairi Musa Yaqub deyib. 

Bir müddət öncə səhhəti pisləşən şair hazırda özünü yaxşı hiss etdiyini deyib: “Sağ olsunlar, məni tək qoymurlar. Bax, indi qonaqlarım dağdağanın dibində gəzirlər, mən də onlara tamaşa eləyirəm. Gəlib-gedənlər darıxmağa qoymurlar. Özüm də, dərmanlarımı atıram, həyətdə az-az hərlənirəm.  82 yaşlı qoca üçün pis deyiləm”.

Şairin qızı Yaqut Yaqubova da söhbətə qoşulub atasının vəziyyətindən ürəkdolusu danışıb: “Əvvəlkindən çox yaxşıdır. İndi özü gəzə bilir. Düzdür, nəzarətimiz altındandadır. Amma əvvəl belə deyildi. Hər gün ona baş çəkməyə o qədər adam gəlir ki, təsəvvür edə bilməzsiz. Bölgələrdən, Bakıdan hər kəs Musa Yaqubun halını soruşmaq üçün qapımızı döyür. Qələm dostları, hətta aşıqlar belə onu müntəzəm yoluxurlar. Seyran Səxavət, Rəşad Məcid, Maarif Soltan, Yaşar Əliyev, Ramiz Rövşən... Elə qələm adamı yoxdur ki, bu həyətə gəlib ona baş çəkməsin. Bu həyətin qonaq-qarasız günü olmur. Anam sağlığında atamın qonaqlarını belə öyrədib. Qonaq-qara anamın üzünə gəlirdi. Çünki anam rəhmətlikdə elə bir güc var idi ki, bir günə əlli adam yola salırdı, bircə dəfə də alnı qırışmırdı. Camaat da elə öyrəşib, istədikləri vaxt ərklə bu qapını açıblar”.

Şairin qızı Musa Yaqubun yaradıcılığında yeniliklər olduğunda da danışıb: “Son günlər Xaqani Şirvanini oxuyur.  Atam onun yaradıcılığını çox sevir, onunla bağlı “Dəyirman” poeması da yazıb. İndi isə Xaqaniyə məktub yazır. Təzə şeirləri də var. Inandırım sizi, xəstəliyi ruhuna zərrə qədər də xələl gətirməyib. Ruhu əvvəlkindən də sağlam, yaradıcılıq doludur. Əslində, mən atamın ağır yükün altına girməyini heç istəmirəm. Çünki bədənin ağrıları, üstəlik, ruhunun ovqatı onu yorar deyə qorxuram. Amma onu da bilirəm ki, o, oxumasa, yazmasa yaşaya bilməz”.
Söhbət əsnasında Yaqut  xanım Musa Yaqubun son şerindən də danışıb: “Ən axırıncı şeirini müalicə aldığı klinikanın qızlarına yazib. “Mələklərdi”ni atam bədahətən dedi, nəvəsi Nərgiz də yazdı. Amma sonra qayıtdı ki, gərək bu şerə əl gəzdirərdim, ürəyimcə olmadı. Daha yaxşı yaza bilərdim. Onun 82 yaşında anama yazdığı şer isə, məncə, yazdıqlarının ən ürəyə yatanıdır.

Vallah, bunlar qadın deyil, qız deyil,
Mələklərdi, mələklərdi, mələklər.
Saçlarında cilvələnir küləklər.
Mələklərin saçlarıyla oynaşan,
Küləklərdi, küləklərdi, küləklər.

Göyərçindi biri, bizə dən verir,
Qaranquşdu biri, qaçır xəbərə.
Vallah, bunlar qadın deyil, qız deyil,
Mələklərdi, mələklərdi, mələklər.

Dilləri də, dönüb şirin-şəkərə
Bu xanımlar, bu gözəllər, bu qızlar.
Vallah, bunlar qadın deyil, qız deyil
Qayğımızı çəkənlərdi, çəkənlər.

İnsan odur həmişə olsun qayğısı,
Başımızda böyüklərin sayğısı.
Belə olsa, bol olacaq çörəklər
Bu çörəyi halal bölər mələklər.
Sağ ol səni, a, bərkimiş biləklər,

Ədalət var, bölgüsündə, işində.
Yaşa səni, ey vətən övladları,
İstəyirsən, bir-bir sayım adları
Ürəklərdə qoy açılsın çiçəklər,
Birdəfəlik rahat olsun ürəklər.

Bu nədi, hey, alıb məni dövrəyə,
Kim istəməz xoş sözünü söyləyə  
Vallah, bunlar qadın deyil, qız deyil,
Mələklərdi, mələklərdi, mələklər.

Afaq Mirayiq