"Millətin ruhu"- ƏHMƏD CAVAD
    • 19-09-2019, 14:36
    • 2 356

"Millətin ruhu"- ƏHMƏD CAVAD

Bu günlərdə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın xatirəsinə həsr olunmuş "Bir millətin ruhu" adlı bədii-sənədli film Türkiyənin “TRT Avaz” telekanalında tamaşaçıların ixtiyarına verilib.

 News24.az xəbər verir ki, filmdə Əhməd Cavad obrazını Mert Karabulut, onun həyat yoldaşı Şükriyyə xanımının obrazını isə Buse Naz Çinar canlandırıb. Filmin müsiqisi Azərbaycanın xalq artisti Aygün Səmədzadəyə məxsusdur. Bu səbəbdən filmin nümayişinə dəvət almış Aygün Səmədzadə öz təəssüratlarını bizimlə bölüşdü. 

- Aygün xanım, filmi necə qiymətləndirirsiniz? 

- Film Əhməd Cavadın mübariz, parlaq, ağır, eyni zamanda sevgi və sədaqət dolu həyat yolunu bədii və sənədli kadrlarla təqdim edir. Əhməd Cavad şəxsiyyətinin tədqiq edilməsində hər baxımdan faydalı olan müsahibələr, tarixi materiallara müraciət filmi çox baxımlı edir. Təsir qüvvəsi kimi öz musiqimi də vurğulayacağam. Film musiqisinin bəstəkarı özüməm. Və artıq bir müddətdir ki, Əhməd Cavad poeziyasına aludəyəm. Onun içindəyəm, burada olduğumdan məmnunam və fəxr edirəm. Film maraqlıdır, məzmun baxımından Əhməd Cavadın həyatı kimi agır və kədərlidir. Əsərin qəhrəmanlarını canlandıran aktyorlar istedadlıdırlar, bu ağır mücahid taleləri bildikləri qədər tamaşaçını inandırdılar və buna görə də doğmalaşdılar. Bəlkə də bu hiss filmin musiqisini işlərkən kadrlara diqqətlə və çox baxmaqdan yaranır. Bəlkə də yanılıram, amma onlarla təqdimatda görüşəndə elə bildim ki, Əhməd Cavad və Şükriyyə xanımı real həyatda gördüm. Deməli, zahiri bənzərlikdən daha çox ruh yaxınlıgı olmalıdır. 

- Bu filmin nümayişi Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 101-ci ildönümü münasibətilə "Əhməd Cavada Vefa" sətirləri ilə təqdim olunan böyük konsert proqramına vəsilə oldu. Konsert barədə təəssuratlarınızı öyrənmək maraqlı olardı.

- Böyük fəxr hissi ilə qeyd edim ki, “TRT Arı” studiasından birbaşa yayımlanan bu konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin , Fikrət Əmirovun, Niyazinin, Aqşin Əlizadənin, Emin Sabitoglunun, Ferid Tüzünün, Vaqif Gərayzadənin və mənim əsərlərim səsləndi. 

- Konserti izləyərkən əsərlərinizi yeni ifaçıların səsləndirdiyini gördük. Bu, nə ilə əlaqədardır?

- "Bismillah" və "Ey Türk" odası, "Türk Ordusuna" marşı, "Həsrət" simfonik lövhəsi türk tamaşaçısına tanışdır və ona görə də əsərlərimin səsləndirilməsinə bu dəfə gənc türk ifaçıları da cəlb olunmuşdu. Yəqin ki, əsərlərin daha çox təbliğində, yayılmasında belə bir təcrübə də var. Olsun! Hər bir səy və nəticə, işə verilən əmək və sevgi bizim üçün qiymətlidir. Amma Nigar və Orxan Cəlilovların bu əsərlərdə yeri mənim üçün fərqli və ucadır. Konsertdə solist kimi xalq artistləri Teyyub Aslanov, Azər Zeynalov və türkiyəli ifaçılar Cumhurbaşkanlıgı Simfonik Orkestrinin müşaiyəti və gənc azərbaycanlı dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış etdilər. Konsert boyu xalq artisti Elnarə Kərimovanın rəhbərliyi ilə TRT Dövlət Xoru bütün vokal və xor əsərlərini müvəffəqiyyətlə müşaiyət etdi. Konsert böyük rəğbətlə və sürəkli alqışlarla davam etdi. 

- Aygün xanım, yəqin ki, bu tədbirlərin davamı olacaq. Hansı yeniliklər gözlənilir? 

- Bildiyiniz kimi, bu qəbildən olan konsertlər keçən il sentyabrın 15-də Ankarada, daha sonra Bakıda, bir qədər geniş şəkildə Novruz bayramında Əskişəhərdə baş tutdu. Yəqin ki, davamı olacaq. Və ilk gündən bizimlə bərabər olan solistlərimizin hər birini, o cümlədən Teyyub Aslanovu, Orxan Cəlilovu, Nigar Cəlilovanı, Vüsal Hacıyevi, Əhməd Cavad şeiriyyatına müraciətimdə daha çox sevdiyim Pərviz Abdullayevi, ustad sənətkarımız Mələkxanım Əyyubovanı bu layihərdə görə biləcəksiniz. Həyata keçirilən bütün layihələrlə bağlı ilk növbədə Əhməd Cavad ailəsinə, ayrıca çox hörmətli Nicat Quliyevə, bu layihələri böyük rəğbətlə qarşılayan TRT, TRT AVAZ-a və əlbəttə ki, Nəfəs Sənət Mərkəzində toplaşmış gözəl, peşəkar yaradıcı heyətimizə, başda Əvəz Muradov olmaqla, Bəxtiyar Həsənə, Vüsal Qarayevə və bu tədbirləri gözəl işıqlandıran peşəkar jurnalistlərə təşəkkür edirəm.