Mədəniyyət kanalının direktoru:
    • 15-10-2019, 23:03
    • 8 642

Mədəniyyət kanalının direktoru: "Heç bir müğənni deyə bilməz ki, "Mədəniyyət" kanalına 1 manat pul vermişəm"

Ramil Qasımov: “Onunla üz-üzə görüşüb, məsələyə aydınlıq gətirməliyik, əgər alınmasa…”

News24.az xəbər verir ki, Yeni Müsavat”ın bu dəfəki müsahibi “Mədəniyyət” kanalının direktoru, əməkdar artist Ramil Qasımov olub. Kanalın direktoru ilə AzTV-də görüşüb, söhbətləşdik: 
- Son bir ildə dövlət televiziyasında köklü dəyişikliklər müşahidə olunur. Daha hansı yeniliklər, layihələr gözlənilir?
- Əvvəla siz təşəkkür edirəm ki, televiziyamızın fəaliyyəti haqqında bu cür gözəl sözlər deyirsiniz. Azərbaycan televiziyası hər zaman böyük nümunə olub. Xalqımızın milli ideoloji təfəkkürünün formalaşmasında hər zaman maarifləndirici verilişlərimiz öz töhfəsini verib. Təbii ki, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı, o cümlədən “İdman Azərbaycan” son bir ildə bir-birindən müasir, maraqlı verilişləri ilə tamaşaçılarının qarşısına çıxır. Beləliklə “Mədəniyyət” kanalı son zamanlar öz yeni dövrünü yaşayır, yeni mövsümdə yeni layihələrə start vermişik. Tamaşaçılarımız bu yenilikləri yaxın vaxtlarda görə biləcəklər. Bildiyiniz kimi, Azərbaycan Televiziyasında gənc kadr siyasəti həyata keçirildi, müasir düşüncəli gənclər cəlb edildi. Bu, çox vacib məsələdir. Sadəcə bu yenilikləri birdən həyata keçirmək mümkün deyil, yəni tədricən reallaşan məsələlərdir. 
Hazırda “Mədəniyyət” kanalının yeni stili haqqında düşünürük. Kanal açıldığı vaxtdan dövlətimizin mədəni siyasi həyatında, eyni zamanda milli-mənəvi dəyərlərimizin təbliğində, gənc nəslin  üzə çıxmasında böyük xidmətləri olub. Vaxtilə ötən əsrin 70-80 ildə toplanan çox dəyərli video-görüntülər, Azərbaycan Radiosunun arxiv fondu kanalımız vasitəsi ilə təbliğ olunur. Bir xalqın ki, bu qədər zəngin musiqi, mədəni kökü var, onu təbliğ etmək birbaşa olaraq bizim üzərimizə düşür. Bir sözlə, kanalımız əbədiyaşarların, bugünki müasir  gənc nəslin təbliği istiqamətində öz xidmətlərini əsirgəmir.
Təkcə ötən il 200-ə yaxın tədbirlər, gecələr keçirmişik. Bu isə sentyabrın əvvəlində Azərbaycan Nəfəs Alətləri Festivalını təşkil etdik. Bu yaxınlarda 8-13 oktyabr tarixində Azərbaycan Xalq Mahnılarının Festivalını həyata keçirdik. 

- Amma bəzən iradlar da olur ki, kanalda gənclərlə bağlı layihələr azdır.
- Məsələ burasındadır ki, hər kəsin müxtəlif zövqü var. Məsələn, kanalını məcbur deyil ki, dünyada məşhur olan “Mezzo” hamı izləsin və yaxud şərt deyil ki, ziyalılarda  şou-biznes kanallarına baxsın. “Mədəniyyət” kanalı mədəni, ziyalı tamaşaçının kanalıdır. Burada Azərbaycan mədəniyyətinin keçmişi, dünəni təqdim olunur. Təbii ki, müasir gənclər üçün də layihələr var. Məsələn, AzTV-də “Gənclik stansiyası” verilişi var. Biz o verilişdə öz istedadına əmin olan gəncləri xalqa təqdim edirik. Tamaşaçılar yaxın zamanlarda “Mədəniyyət” kanalında da gəncliyə aid yeni verilişləri görə biləcək. Bizim əsas məqsədimiz odur ki, milli-mənəvi dəyərlərimizi gənc nəslə sağlam şəkildə təqdim edək. 
- Təbii ki, mədəniyyətə təkcə musiqi, rəssamlıq və sairə deyil, həm də kino da daxildir. Sorğu keçirəndə məlum olur ki, gənclərin əksəriyyəti milli kinolarımızdan xəbərdar deyil, tanınmış kino xadimlərimizi tanımırlar. Bu mənada milli kinomuzun təbliğatına da mühüm ehtiyac var. “Mədəniyyət” kanalı bu yöndə hansı işlər görür?
- Mütəmadi olaraq həftə içi milli kinolarımıza yer ayrılır. Xüsusi olaraq “Azərbaycan kinosu” rubrikamız var. Hər zaman milli kinolarımızın tarixi haqqında məlumat verilir. Bununla yanaşı Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən yeni filmlər təqdim olunur. Filmlər təqdim olunmazdan əvvəl qısaca da olsa onun yaranma tarixi haqqında, həmçinin rejissoru, bəstəkarı, aktyor kollektivi barədə məlumat verilir. 
Həmçinin peşəkar dublyajçılarımız var ki, onların məntiqli, səlist ifasında əcnəbi filmlər nümayiş olunur.
- Dublyajdan söz düşmüşkən, bəzən dublyajla da bağlı iradlar səslənir. Bildirilir ki, bəzən heç də səmimi, inandırıcı səsləndirilmir, ifadələr gülünc olur və sairə. Əlbəttə, məlum məsələdir ki, dövlət televiziyasında peşəkar dublyajçılar çalışır. Bəs çatışmayan nədir, niyə bəzi tamaşaçılar razı qalmır? Problem texniki çatışmamazlıqdır, yoxsa?
- Bəzən olur ki, rus və yaxud ingilis dilində olan ifadə Azərbaycan dilinə tərcümə ediləndə məntiqi baxımından o qədər də alınmır. Zənnimcə bəlkə də iradlar buna görə olur. Amma texniki baxımdan Azərbaycan Televiziyası hər zaman nümunə olub və bu bir faktdır. Bunu təkcə mən deyil,  digər peşəkar şəxslər də deyir. Dublyaj sahəsindəki texniki avadanlıqların hamısı lisenziyalıdır, onların effektləri yüksək səviyyədədir.
- Sovet dövründə çox maraqlı televiziya tamaşaları təqdim olunurdu, hansı ki, bu gün də həmin tamaşaları sevə-sevə izləyirik. Bəs niyə bu ənənə davam etdirilmir və yaxud bu barədə layihələr düşünülürmü? 
- Televiziya rəhbərliyi bu istiqamətdə də mühüm addımlar atır. Qeyd edim ki, yeni gənc rejissorlar dəvət edilib, bu məsələyə Ramiz Həsənoğlu rəhbərlik edir. Bu yaxınlarda İ.Nəsimi ilə bağlı tele-tamaşamız oldu. Təbii ki, tele-tamaşaların çox olması hər kəsi çox sevindirər və bu yöndə addımlar atılır.
- Bu yaxınlarda dünyaca məşhur Sami Yusif özünə məxsus şəkildə “Nəsimi” kompozisiyasını səsləndirdi. Kompozisiya ictimaiyyətdə böyük rezonans doğursa da, nədənsə sonradan peşəkar musiqiçilərimiz tərəfindən xeyli tənqid edildi, bəyənilmədi. Bəs peşəkar musiqiçi kimi sizin mahnıya münasibətiniz necə oldu?
- Musiqi böyük dərya, fəlsəfədir. Bu fəlsəfəni  kim necə anlayırsa, bu şəxsi fikirdir. Əgər bu töhfə verilibsə, deməli bu yaxşıdır. Həmin kompozisiya Nəsiminin sözlərinə idi, həmçinin təqdim olunan mahnı Azərbaycan musiqisinin təbliğatına xidmət edirsə, gəlin irad axtarmayaq, əksinə  sevinək. Baxın, həmin kompozisiyada həm də bizim dəyərli musiqiçilər də iştirak etdi. Azərbaycan musiqisinin, xanəndəsinin, müğənnisinin uğuru hər birimizin uğurudur. 
- Artıq bir müddətdir ki, dövlət televiziyasında Bədii Şura yaradılıb. Şuranın işindən nə dərəcədə razısınız? Kimlər bu qurumun senzurasından keçə bilir və yaxud kənarda qalır?
- Şuranın senzurası dedikdə, Sovet dövründə də Azərbaycan Televiziyasında belə bir şura var idi. Bədii şuraların olması çox təqdirə layiqdir. Baxın, Sovet dövründə əgər bu cür şuralar olmasaydı, bu gün də bəh-bəhlə dinlədiyimiz ifalar, mahnılar olmazdı. Onların hamısı bədii şuraların süzgəcindən keçib. Vaxtilə bədii şurada Fikrət Əmirov, İslam Səfərli, Cahangir Cahangirov və bu kimi digər nəhənglər əyləşib. Bununla da dövlət televiziyasında heç bir zaman bayağılıq olmayıb. Bu gün mövcud olan Bədii Şura senzura ilə deyil, mahnıları, ifaları süzgəcdən keçirməklə məşğuldur.
Xatırlayıram ki, 1995-ci ildə səhnə fəaliyyətimə başlayanda ekrana çıxmaq, özünü təqdim etmək çox çətin idi. Amma bu gün gənclərə hər cür şərait yaradılıb. Bədii Şurada əyləşən xalq artistləri Mübariz Tağıyev, Siyavuş Kərimi, Mənsum İbrahimov və mədəniyyətimizə öz töhfələrini verən xadimlərimiz öz dəyərlərini fikirlərini bildirirlər. Hazirda dövlət televiziyasının efirinə çıxan müğənnilər zamanında şuranın təsdiqindən keçib. Bəzən müğənnilər “qara siyahı”ya salındığını, efirə çıxa bilmədiyini deyir. Lakin tam qətiyyətlə deyirəm ki, istedadı olan hər bir şəxsə televiziyamızda yaşıl işıq var.
- Bu məsələdən söz düşmüşkən, ötən gün müğənni Elton Hüseynəliyev həm sizin, həm də kanalınız barədə sərt fikirlər səsləndirdi. Sosial şəbəkədə qeyd etmişdi ki, bəzi müğənniləri rüşvət qarşılığında efirə çıxarırsınız. O cümlədən “Orxan Babazadədən pul alıb, Elza İbrahimovanın gecəsində oxutdurursan” deyə ittihamları var. 
- Dəfələrlə Heydər Əliyev adın Sarayda görkəmli bəstəkarlarımızın yaradıcı gecələrini təşkil etmişik. Gənc ifaçılara da təklif edirik ki, bu gecələrdə iştirak edib, həmin bəstəkarların mahnılarını ifa etsinlər. Qeyd edim ki, Elton Hüseynəliyevin yaradıcılığını hər zaman alqışlamışıq. Şəxsən mən peşəkar musiqiçi kimi onu dəstəkləmişəm, şəxsiyyəti haqqında müsbət fikirlər səsləndirmişəm, hətta Mədəniyyət və İncəsənət Universitetində birgə təhsil almışıq. O, hər zaman etik qaydalara riayət edən gənc olub və heç bir zaman onunla problem yaşamamışıq. Xatırlayıram ki, Elton televiziyamızın solisti olmaq istəyəndə onunla görüşdük, rəhbərliyə onu təqdim etdim və solist kimi çalışmağa başladı. 
Orxan Babazadəyə gəldikdə isə, qeyd etdiyim kimi biz hər zaman istedadlı gənclərə şərait yaratmağa çalışırıq. Həmin ifaçı haqqında bir neçə tanınmış musiqiçi müsbət fikirlər bildirdilər. Biz də razılaşdıq, onun tədbirdə iştirak etməsinə şərait yaratdıq. Bu olay təxminən 2 il əvvəl baş verib. Bizi və şəxsən məni tanıyan şəxslər bilir ki, “Mədəniyyət” kanalı heç bir zaman heç kəsdən pul qarşılığında efirə çıxartmayıb və bu tamamilə mümkünsüzdür. Baxın, ötən il tanınmış müğənni Lalə Məmmədovanın iki dəfə konsertini təşkil etmişik, həmçinin Zamiq Hüseynovun Opera və Balet Teatrında konsertini həyata keçirdik. Eyni zamanda xalq artisti Gülnaz İsmayılovanın, “Muğam Televiziya Müsabiqəsi”nin iştirakçılarının, bəstəkar Pikə Axundovanın və digərlərinin yaradıcılıq gecələrini keçirmişik. Bəyəm biz həmin musiqiçilərdən nəsə ummuşuq? Əlbəttə ki, xeyr. Biz bu konsertləri təşkil etməkdə məqsədimiz musiqimizi təbliğ etməkdir. Sözün düzü anlamıram ki, Elton bu sözləri hansı əsaslarla deyib. 
- Bəs bu qalmaqalı ciddi şəkildə həll etməyi düşünürsüzmü?
- Hər bir insan öz səviyyəsinə bu cür məsələləri həll edir. Nə edim, Eltonu məhkəməyə verim? (Gülümsəyir) Bu, mənə yaraşmaz. Və yaxud hansı addımı atım? Artıq 2-3 gündür ki, biz onu dəvət edirik, o isə bizimlə əlaqədən yayınır. Hətta ailə yaxınları ilə də əlaqə saxlamışıq, xahiş etmişik ki, onunla görüşmək, məsələyə aydınlıq  gətirmək istəyirik. Ona sual vermək istəyirdik ki, “dediyin faktlar, mənbə səndə hardandır?”. 
Və yaxud bildirir ki, “Azərbaycan televiziyasında solistəm, mənim məvacibimi kəsiblər”. Bu, tamamilə absurddur. Azərbaycan televiziyasında fəaliyyət göstərən solistlərin bəziləri ictimai əsaslarla çalışır, hansı ki, sadəcə onların iş stajları yazılır. Məsələn, xalq artisti Ənvər Sadıqovun “Qaytağı” ansamblı var, onlar məvacib almırlar. Yəni, əvvəldən bu belə olub və bu ümumi işdir. Var ki, klassik yöndə çalışan, məvacib alan solistlər, məsələn xalq artisti Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Teymur Əmrah, İlahə Əfəndiyeva və sairə. Həmçinin bir neçə milli ifaçılar da var ki, onlar işlə təmin olunublar. Elton Hüseynəli də bizim televiziyanın solistidir və ictimai əsaslarla çalışır. İctimai əsaslarla çalışan solistlər məvacib almır. 
Beləliklə, mən də kamera ilə fikirlərimi çəkib, cavab verə, sosial şəbəkədə paylaşa bilərəm, mətbuat da bunu yayımlayar. Amma biz axı ayrı-ayrı qitələrdə deyil, Azərbaycanda yaşayırıq. Ona görə də üz-üzə görüşüb, məsələyə aydınlıq gətirməliyiq. Bu alınmasa, biz düşüncəyik ki, növbəti qərarımız, addımımız necə olacaq.