Bakıda incəsənət əsərlərinin növbəti auksionu keçirildi - FOTO
    • 7-11-2019, 17:00
    • 1 934

Bakıda incəsənət əsərlərinin növbəti auksionu keçirildi - FOTO

Noyabrın 7-də Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Hilton Baku” hotelində incəsənət əsərlərinin növbəti auksionu keçirildi.

News24.az-ın məlumatına görə, bu il ikinci dəfə gerçəkləşən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunur.

Hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda-yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri çıxarılmışdı.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev auksionun əhəmiyyətini yüksək qiymətləndirdi: “Azərbaycanda yeni yaradıcılıq sənayesi formalaşmağa başlayır. Bu, əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir. İncəsənət əsərlərinin auksionu artıq ikinci dəfə keçirilir. Düşünürəm ki, bu, çox yaxşı ənənədir. Auksion vasitəsilə vətəndaşlarımızda yeni vərdişlər formalaşdırmaq niyyətindəyik. Ümidvaram ki, bu ənənə gələcəkdə də davam etdiriləcək”.

Əbülfəs Qarayev onu da bildirdi ki, hər bir azərbaycanlının evinin divarından yerli rəssamların əsərləri asılmalıdır.
Daha sonra hərracın ilk çəkici vuruldu və satışa çıxarılan əsərlər elan edildi.

Rəssam, heykəltəraş Mahmud Rüstəmovun ilkin qiyməti 5600 manat olan, qranit, bürünc və qızıldan hazırlanmış “Qadın müxtəlif əhvallarda” əsəri 5610 manata satıldı. Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış “Atlar” əsəri 20 050 manata alıcısını tapdı. Budəfəki auksionda ümumilikdə 2 lot satıldı. Ən bahalı lot A.Əsgərovun “Atlar” əsəri oldu. Əsəri iş adamı İsgəndər Xəlilov satın aldı.
Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilk qiymətləri 2500-20 000 manat arasında təyin olunmuşdu.