Dünyanın ən cəld pianoçusu Peter Bence Şəhriyar İmanovla
    • 23-11-2019, 00:16
    • 1 420

Dünyanın ən cəld pianoçusu Peter Bence Şəhriyar İmanovla "Sarı gəlin"i ifa ETDİ - VİDEO

Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi düşən Peter Bence  Bakı Konqres Mərkəzində konsert verib. 


News24.az xəbər verir ki, “Dünya turu” adlı proqramı çərçivəsində ən məşhur əsərlərini tamaşaçılara təqdim edib.
Bakıda ikinci dəfədir ki, çıxış etdiyini deyən sənətçi Azərbaycan mətbəxinə məxsus olan dolma, qutab, o cümlədən milli  çayımızı çox sevdiyini söyləyib.


Peterin hər bir ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.


Gecənin unudulmaz məqamlarından biri də Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanovun iştirakı olub. Solo ifa edən sənətçinin sözlərinə görə, bir ildir ki, P.Bencle tanış olublar  və ona milli musiqi alətimiz olan tar hədiyyə edib. Daha sonra birlikdə duet ifa etmək qərarına gəliblər.
Konsert zamanı sözügedən duet- Azərbaycanın xalq mahnısı "Sarı gəlin"  səsləndirilib. İfa zamanı səhnə  Azərbaycan bayrağının rəngində işıqlandırılıb. İki saat davam edən konsertin sonunda tamaşaçı alqışları altında səhnəyə yenidən qayıdan sənətçi daha bir musiqi ifa edib. Bir sözlə, Peter Bence öz mükəmməl ifası və heyrətamiz bacarığı ilə dinləyicilərə musiqi bayramı yaşadıb. Konsert anşlaqla başa çatıb.


"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən cəld pianoçusu kimi düşən Peter Bencen Bakı Konqress Mərkəzindəki konserti "Mədəniyyət" kanalında canlı yayımlanıb. 

Qeyd edək ki, macarıstanlı pianist, bəstəkar və musiqi prodüseri dünyaca məşhur Justin Timberlake - Cry Me a River, Michael Jackson - Human Nature, Thriller, Bad, Black Or White, Sia-Cheap Thrills, The Greatest və başqaları ilə birlikdə çalışıb, sözügedən mahnıların piano versiyalarını ifa edib.