Sara Aşurbəylinin xatirə gecəsi KEÇİRİLDİ - FOTOLAR
    • 27-01-2020, 16:24
    • 1 466

Sara Aşurbəylinin xatirə gecəsi KEÇİRİLDİ - FOTOLAR

AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli tarixçi, tarix elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Sara Balabəy qızı Aşurbəylinin xatirə tədbiri keçirilib. Yığıncaq həmçinin görkəmli tarixçinin 115 ilinin tamam olması münasibəti ilə baş tutub.

News24.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, tarixçilər, Sara Aşurbəylinin ailə üzvləru, mətbuat nümayəndələri iştirak ediblər. Yığıncaqda tarixçinin həyat və fəaliyyətinə bir daha nəzər salınıb.

Bildirilib ki, Sara Aşurbəyli işinə qarşı olduqça diqqətlə yanaşıb. Onun əsərləri bu gün də aktualdır. Qeyd olunub ki, Sara Aşurbəyli həyata bağlı şəxsiyyət kimi həyatsevər, əsl qadın idi. O, “Bakının tarixinə dair oçeklər”, “Bakı şəhərinin tarixi”, “Orta əsrlərdə Azərbaycan və Hindistan iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” və bu qəbildən bir çox kitabların müəllifidir. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət” ordeni və respublikanın Əməkdar elm xadimi adı ilə mükafatlandırılıb. Bununla yanaşı o, Xəzər Universitetinin Fəxri Doktoru adına layiq görülüb. 

Qeyd edək ki, tədbirdə görkəmli tarixçinin 100-ə yaxın şəxsi əşyası da sərgilənib.

Sevda Bayramova
FOTO: Fərid Şabanov