Vasif Adıgözəlovun barelyefi AÇILDI- FOTOLAR
    • 18-02-2020, 18:35
    • 3 561

Vasif Adıgözəlovun barelyefi AÇILDI- FOTOLAR

Paytaxtda daha bir mədəni tədbir gerçəkləşib.

News24.az
xəbər verir ki, Bəstəkarlar Evininin binasında baş tutan yığıncaq bəstəkar, pedaqoq, SSR Xalq artisti Vasif Adıgözəlovun əziz xatirəsinə həsr olunub.

Tədbirdə tanınmış bəstəkarın yaşadığı evin qarşısında barelyefi açılıb. Mədəniyyət və ictimaiyyət xadimlərinin, ailə üzvlərinin də iştirak etdiyi tədbirdə onun yaradıcılığından, Azərbaycan musiqisindəki yerindən söz açılıb.

Qeyd olunub ki, Vasif Adıgözəlov Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından biri olub. Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür. 

Sonda Xalq artisti Yalçın Adıgözəlov çıxış edərək dövlət başçısına atasının yaradıcılığına göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Sonra müəllifi heykəltəraş Aslan Rüstəmov olan barelyefin açılışını bildirən qırmızı lent kəsilib.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Vasif Adıgözəlovla bağlı fikirlərini dilə gətirib: "Bakı şəhərində belə gözəl ənənə davam etdirilir, bir neçə fəxri lövhələr, bahelyeflər vurulur. Bu isə o deməkdir ki, ölkə başçımız daim mədəniyyət xadimlərinə sayğı, qayğı ilə yanaşıb. Vasif Adıgözəlov Qarabağ musiqi məktəbinin tanınmış nümayəndələrindən biridir. Onun muğamımızın da inkişafında xidmətləri olub. Vasif Adıgözəlovun ailəsi də özü qədər musiqi aşiqidir. Oğlu Xalq artistidir, hər yerdə atasının adını layiqli şəkildə təmsil edir. Bunlar məni çox sevindirir, çünki sənətkar dünyasını dəyişsə də, onun əməlləri, əsərləri yaşayır".

Sevda Bayramova
FOTO: Fərid Şabanov