UNESKO üzv dövlətlərinin Mədəniyyət nazirlərinin birinci virtual görüşü KEÇİRİLDİ - FOTO
    • 22-04-2020, 20:20
    • 733

UNESKO üzv dövlətlərinin Mədəniyyət nazirlərinin birinci virtual görüşü KEÇİRİLDİ - FOTO

22 aprel 2020-ci il tarixində UNESKO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin ilk virtual görüşü keçirilmişdir.

News24.az xəbər verir ki, görüşün təşkilində əsas məqsəd COVID-19 pandemiyasının mədəniyyət sahəsinə təsiri, eləcə də bu çərçivədə görülən tədbirlərlə bağlı nazirlər arasında fikir mübadiləsinin aparılması olmuşdur. Görüşdə dünyanın 180-dən çox ölkədən nazirlər və digər yüksək səviyyəli rəsmilər iştirak etmişdir. Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə bağlı dünyada yaranmış vəziyyət bir çox sahələr kimi mədəniyyət sahəsinə də təsirsiz ötüşməmiş, mədəniyyət məkanlarına gediş məhdudlaşdırmış, əksər mədəni tədbirlər təxirə salınmış və ya ləğv olunmuşdur.

UNESKO Mədəniyyət nazirlərinin birinci virtual görüşündə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev ilk öncə pandemiya dövründə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışaraq, ölkə başçısı tərəfindən imzalanan müvafiq sərəncamlar haqqında məlumat vermişdir. Bu sahədə dövlət qurumlarının fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın gərgin fəaliyyəti sayəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin vaxtında nəzarətə götürüldüyü və xəstəliyin geniş  yayılmasının qarşısının alındığı diqqətə çatdırılmışdır.

Xüsusi karantin şəraitində dövlətimizin həyata keçirdiyi müxtəlif sosial proqramlar haqqında da məlumat verən Ə.Qarayev daha sonra Mədəniyyət Nazirliyi tərəfindən də 20-dən artıq layihənin həyata keçirildiyini qeyd etmişdir. Misal olaraq “Evdə qal, evdə yarat” təşəbbüsü, “Bizi birləşdirən mədəniyyət”, “Yaradıcılığı evdə öyrən” və digər layihələrdən danışan nazir onların mövcud şəraitdə xüsusi önəmini vurğulamışdır. Mövcud şəraitdə qlobal layihələrin əhəmiyyətindən söz açan nazir həmçinin bildirmişdir ki, Azərbaycan UNESKO tərəfindən 15 aprel tarixindən etibarən açıq elan edilən "ResiliArt" qlobal hərəkatına fəal şəkildə qoşulmuş və bu hərəkatı ölkəmizin yaradıcı adamları arasında təbliğ etməkdədir. Qeyd edək ki sözügedən hərəkat COVID-19 pandemiyasının mədəniyyət sahəsinə hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmağı və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.

Sevda Bayramova