"Qiraət pafosu sevmir"- XƏZƏR SÜLEYMANLI

"Qiraət pafosu sevmir"- XƏZƏR SÜLEYMANLI
MƏDƏNİYYƏT

23 aprel 2020, 16:57

Mətn ölçüsü

"Karantin dövründə çoxdandır oxumaq istədiyim kitabları oxuyuram, filmlərə baxıram, bəzi şeirlərin səslənməsi ilə məşğulam". 

Bu sözləri qiraətçi Xəzər Süleymanlı News24.az-ın "Ülkər Rəşidqızı ilə karantində" layihəsində qonaq olarkən deyib. O, bildirib ki, yaradıcılığında daim yenilik axtarışındadır: "İstənilən bir şeiri canlı səsləndirsəm, yəqin ki, tamaşaçının xoşuna gələcək. Çünki onlar artıq buna öyrəşiblər, amma mən daim yenilik etməyi sevdiyimə görə, çalışıram ki, hər ifama bir fərqlilik qatım. Şeirdə olan bir ştrix bütün gedişatı dəyişə bilər, onu ya sevdirər, ya əksinə..." 

Tanınmış qiraət ustalarının hər birinin ifasına yüksək dəyər verdiyini deyən həmsöhbətimiz onlar arasında daha çox Həsən Əblucun səsini sevdiyini bildirib: "Əminə Yusifqızı, Ağalar Bayramov, Laləzar Mustafayeva- hamısı istedadlı insanlardır. Amma mən daha çox Həsən Əblucdan ilhamlanıb bəhrələnmişəm. Onun səsi, ifa tərzini özümə daha yaxın bilirəm".

Müsahibimiz "Qiraət pafoslu olmalıdırmı?" sualını isə belə cavablayıb: “Məncə, qiraət pafosu sevmir. Düzdür, elə bir məqam olur ki, orda pafos olmalıdır. Məsələn, vətənpərvər şeirlər çılğınlıqla deyilməlidir. Onları sakit, pıçıltı ilə səsləndirmək doğru deyil. Rəhmətlik Mikayıl Mirzə "Azərbaycan" şerini deyəndə hər kəs ayağa qalxırdı. Çünki o pafos yox, bir çağırışdır. Amma mən demək olar ki, vətənpərvər, belə çağırış şeirlər səsləndirməmişəm. Onları oxusam da, yəqin özüməməxsus şəkildə ifa edərəm”.

Gənc ifaçı indiyədək səsləndirdiyi şerlərindən də danışıb: "İndiyə qədər 26 şeir yazmışam, amma sonra davam eləmədim. Cəmi 20-30 şeir əzbərimdə var. Hansı şeirlərə təlabat var, onları əzbərləyirəm. Elə şeirlər olub ki, birnəfəsə səsləndirmişəm, amma elələri də olub ki, üç-dörd dəfədən sonra alınıb".

X. Süleymanlı qiraətə başladığı ilk vaxtları yada salıb:  "Hələ orta məktəbdə oxuyanda müəllimlərim mənə şeir oxudurdular, müxtəlif ədəbiyyət gecələrində iştirak edirdim, amma o zamanlar bu mənə bir o qədər də çatmırdı. Sonra bir dəfə sinif yoldaşlarımla birgə bir video çəkdik, orda xəbər aparıcısıydım, o video uşaqların valideynlərinə paylaşıldı. Onların reaksiyası çox gözəl oldu. Hamısı mənə dedilər ki, bu videonu elə-belə yazdırmısan, amma gələcəkdə həqiqətən də bu sahədə özünü təsdiqləyə bilərsən. Mən də çox utancaq idim. Hətta həmin videodan sonra bir müddət özümə qapandım. Sonra 2010-cü ildə bir şeir səsləndirdim və bununla da qiraət sənətində bir canlanma yarandı, rəqabət başladı. Məncə, insanın hansı sahədə istedadı varsa, onu gəlişdirməlidir. Peşəkar olmasa, geriyə gedəcək. Mən də bu sahədə özümü gördüyüm üçün onu inkişaf elətdirdim. Qiraəti seçdiyimə görə nə vaxtsa peşiman olacağam, ya yox, bilmirəm, amma bu sahə həqiqətən də məni bir çox işlərimdən uzaqlaşdırdı, özünə cəlb elədi. Amma burda yeni tərz, üslüb yaratmaq çox çətin idi, çünki bu sahədəki yeniliyi qəbul etdirmək asan deyildi. Müəyyən ifalarda, şeirlərdə pafos var idi. Mən qiraətə başlayanda qarşıma bir məqsəd qoymuşdum. Yəni, poeziyanı bir pıçıltı, sakit tərzlə də sevdirməyin mümkün olduğunu göstərim. Ona görə də mən şeir səsləndirəndə başqa ovqata düşürəm və sonda görürəm ki, o, səmimiyyəti yansıtmaq, dinləyiciyə çatdırmaq mümkündür. Hər zaman arzlumışam ki, şeiri sevməyən, ondan uzaqlaşan insanlar belə o ifaları dinləsinlər. Məncə, bu illər ərzində qismən də olsa, istədiklərimi əldə eləmişəm. Qiraətçi olmaq istəyən insan maddiyyatı düşünməməlidir. Heç vaxt şeir deməyin qarşılığında pul almamışam".

Yaradıcılığında daha şox qadınlarla bağlı şerlərə yer verən ifaçı onlarla bağlı düşüncələrini də bölüşüb: "Azərbaycan qadınları dünyanın ən fədakar xanımlarındadır, onlar xoşbəxtliyə laiqdilər. Şərq aləminin kişilər çox sərt olurlar. Bizim cəmiyyətdə kişini kişi kimi formalaşdıran, tərbiyə edən qadındır. Mənim də qadınlara qarşı kobudluğum olub. Amma ondan sonra çalışımışam ki, öz həyatımı bir qadın uğruna fəda edim. Əgər, kişi öz sevdiyi qadınını xoşbəxt edirsə, bundan gözəl heç nə ola bilməz. İndi keçmişdə elədiyim səhvlərimi düzəltməyə çalışıram. Əgər, bir qadın mətbəxdə həyat yoldaşına sevdiyi yeməyi bişirib təqdim edirsə, övladlarına baxa bilirsə, o qadın xoşbəxtdir. Poeziyanı da qadınlar daha çox sevirlər. Hiss edirəm ki, onlar mənim yaradıcılığımı da yüksək qiymətləndirirlər, bu isə mənim üçün çox sevindirici bir halldır. Fürsətdən istifadə edib bütün kişilərə səslənirəm. Çalışın ki, maksimum dərəcədə xanımlarınıza xoş sözlər deyin. Qadın başını kişinin çiyninə söykəyə bilirsə, sevildiyini hiss edirsə, o zaman xoşbəxtdir. Məncə, çox az qadını kişinin pulu xoşbəx edə bilər. Çünki bunların hamısı gəldi-gedərdir. Qadını yalnız bu cür kişi sevgisi xoşbəxt edər. Etibar, inam hər şeydən öndə olmalıdır. Qısqançlıqsa sevginin cilvəsidir".

Həmsöhbətimiz son günlərdə koronavirus həsr olunan şeirlərdən də söz açıb: "Bununla bağlı mənə çoxlu şeirlər göndəriblər. Bəzilərinə gülürəm, amma bəziləri maraqlı olur".

Sevda Bayramova