"Anar bizə dostlarını qoydu getdi..."- ƏFSANƏVİ KAPİTANIN ANIM GÜNÜ
    • 23-04-2020, 20:53
    • 2 649

"Anar bizə dostlarını qoydu getdi..."- ƏFSANƏVİ KAPİTANIN ANIM GÜNÜ

"Anar "KVN", "KVN" Anar. Nə etsəm də, nə qədər uğur qazansam da, hamının yaddaşında "Bakılı oğlanlar"ın kapitanı kimi qalacağam". 

Özü belə demişdi. O, həqiqətən də fəal ictimai xadim və millət vəkili oldu. Amma yenə də hər kəs onu şən və hazırcavab Anar kimi sevdi. Onu bu gün də belə xatırlayırlar. İntellektli, vətənpərvər bakılı oğlan sevənlərinin yaddaşında elə belə də qaldı. Zamanında "İnsan vaxtında gəlib vaxtında getməlidir" demişdi. Amma o, Azərbaycanın ictimai həyatına vaxtında gəlsə də, gedişi vaxtsız oldu. Anar Məmmədxanov ömrünün 40-cı baharında qəfil ürək tutulmasından vəfat etdi.

Bu gün əfsanəvi bakılı oğlanı ömür gün yoldaşı İradə Məmmədxanova ilə yad etdik. O, mərhum həyat yoldaşı ilə bağlı xatirələrini News24.az-la paylaşdı: "Anarın ölümündən doqquz il ötür. Bu müddət ərzində bir çox şey baş verib. Həm ailəmizdə, həm də cəmiyyətdə. Bacardığımız qədər doqquz il ərzində Anarın əzi xatirəsini yad edib müxtəlif tədbirlər həyata keçirmişik. Amma təəbii ki, hər şəklinə baxanda yenə o hissləri yaşayıram. Ən çox da ailəmizin şən günlərində çox təsirlənirəm, düşünürəm ki, kaş Anar da bizimlə olaydı... (ağlayır) Dostlarımız bu illər ərzində hər zaman yanımızda olub, bu bizim üçün çox qiymətlidir. Anar özündən sonra bizə dostlarını qoyub getdi. Onunla yaxşı və pis günümüzdə bacardığımız qədər bir-birimizə dəstək olmuşuq. Heç vaxt işsiz qalmağımı istəməzdi. Hər zaman məni işə sövq edirdi. İşimdə inkişaf etməyimi çox sevirdi. Amma öz işlərinə məni demək olar ki, qarışdırmırdı. Çox təəssüf ki, pandemiyaya görə bu il ona anım mərasimi keçirdə bilmədik. Yaşasaydı, 50 yaşı tamam olacaqdı. Hətta yubileylə bağlı danışıqlar da aparılmışdı. Aleksand Maslyakov Anarın adına həsr olunmuş beynəlxalq KVN festivalı keçirməliydi, amma məlum səbəbdən bunu edə bilmədik. Hətta qalibə Anarın adı ilə bağlı xüsusi kubok vermək planlaşdırılmışdı. İnşaallah, yayda Anarın doğulduğu, yaşadığı evin qarşısında abidəsi ucaldılacaq".

İradə Məmmədxanova hazırki gənc "KVN"çilər haqda fikirlərini bildirib: "Hər dövrün öz komandası, lideri olmalıdır. Anar öz komandasının sanki atasıydı. Hətta Anarın valideynləri də belə fikirləşirlər ki, nəsldə onun kimi oğul olmayıb. Əvəzedici adam yoxdur, amma Anarı təkrar eləmək çox çətindir. Şəxsən mənim üçün Anarı heç kim əvəz edə bilməz. Yəqin ki, gənc uşaqlar da Anar kimi lider axtarışındadırlar. Vaxtı ilə Anar da tək idi. O, bir komandanı öz arxasınca apardı və nəticə göz önündədir. İstəkdən də çox şey aslıdır. İndi gənclərə şərait yaradılır, amma onlar addım atmaq istəmirlər. Anarın vaxtında şərait yox idi amma uşaqlar tapılırdı. Anar daim onları ölkə xaricində tanıtdırmaq üçün var gücü ilə çalışıb".

Əfsanəvi "KVN"çinin həyat yoldaşı övladları haqda da söhbət açıb: "Uşaqlarımızın hər birinin öz yolu var. Deməzdim ki, kimsə Anarın yolu ilə gedir. Üç uşağımız var. Anar həmişə deyərdi ki, birinə gözəlliyimi, digərinə ağlımı, üçüncüyə isə xarakterimi vermişəm. Anar da valideynlərinin yolu ilə getmədi. Düzgün yolu uşaqların özləri seçəcəklər. Əsas odur ki, nəticə uğurlu olsun".

Sevda Bayramova