"Bu gün "Oskar", "Qızıl Qlobus" vəd eləmirəm, AMMA..."
    • 21-05-2020, 10:36
    • 1 864

"Bu gün "Oskar", "Qızıl Qlobus" vəd eləmirəm, AMMA..." "Azərbaycanfilm" Kinostudiyasının yeni direktoru Nazim Hüseynov - MÜSAHİBƏ - FOTO

Onunla "Salnamə" studiyasının rəhbəri olduğu zamanlarda dəfələrlə həmsöhbət olmuşuq. Amma Kinostudiya rəhbəri, Kino Şurasının sədri kimi ilk dəfə fikirlərini eşitdik. İmza qoyduğu iş kifayət qədər məsuliyyətli və zəruridir. 
Nazim müəllim milli konomuzla bağlı "Oskar", "Qızıl Qlobus" vəd eləməsə də, pozitiv proqnozları ilə ümidlərimizi yenidən göyərtdi. 
Nə deyirik, təki, xeyirli-uğurlu olsun.


Cəfər Cabbarlı adına Kinostudiyanın rəhbəri, yeni yaradılan Kino Şurasının sədri Nazim Hüseynovla hər iki vəzifəsindəki ilk müsahibəsini News24.az-a verib.

- Mədəniyyət Nazirliyi yanında yaradılan Kino Şurasının sədr vəzifəsinə təyin olunmusunuz. Bu şuranın yaradılmasında məqsəd nədir? 

- Şura gələcəkdə yeni ərsəyə gələcək film layihələrinin təqdim olunması məqsədi ilə yaradılıb. Bu qurum dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək. Şura üç İşçi Qrupundan ibarətdir. Birinci İşçi Qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan ssenari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğunu, ikinci İşçi Qrupu əsasən növbəti və son mərhələyə buraxılan ssenarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə, üçüncü İşçi Qrupu isə ssenari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesini həyata keçirəcək. Sənədli, qısametrajlı, animasiya filmləri, o cümlədən, bədii filmlər vasitəsilə internet platforma yaradılacaq. Prodakşın şirkətinin adından təqdim olunan layihə müdafiə olunacaq. Son nəticədə qalib gələn layihə dövlət tərəfindən maliyyələşdirəcək. Onu da deyim ki, biz ilin sonuna qədər ancaq qısametrajlı filmlər qəbul edəcəyik. Yəni Nazirlikdəki Bədii Şura artıq ilin sonunadək çəkiləcək bədii filmləri müəyyənləşdirib. Bu səbəbdən də öncə onlar çəkiləcək.
 
- Bəs, Mədəniyyət Nazirliyinin nəzdindəki kino şöbəsininin işi nədən ibarət olacaq? Bu şöbə ləğv ediləcək?

- Xeyr. O şöbə öz işini davam etdirəcək. Yeni yaradılan Kino Şuranın o şöbəylə bir əlaqəsi yoxdur.

- Sizə elə gəlmirmi ki, sədr olaraq, böyük məsuliyyətin altına girmisiz...

- Sədr seçilməyim mənim üçün də gözlənilməz oldu. Şuranın həm sədri, həm də üçüncü işçi qrupunun üzvüyəm.  

- İllərdir Azərbaycan kinosu ilə bağlı ciddi narahatlıqlar var. Və indiyədək Azərbaycanda kino ilə bağlı çoxsaylı qurumlar fəaliyyət göstərib. Təəssüf ki, insanlarda o qurumların milli kinomuzun dirçəlməsi üçün lazımi işlərin görülməməsi qənaəti yaranıb. Sizcə, yaranan Kino Şurası cəmiyyətdəki kinomuzla bağlı narahatlıqları aradan qaldıracaqmı?

- Bu qurum müxtəlif studiyaların rəhbərlərini, kino həvəskarlarını bir araya gətirəcək. Bu günə qədər bir çox filmlər çəkilirdi, onların layihələri fiziki şəxs tərəfindən Mədəniyyət Nazirliyinə təqdim olunurdu. Burda isə vəziyyət tam fərqli olacaq. Biz kino bazarını daha çox inkişaf edəcəyik. Layihələr prodakşn şirkətlərindən qəbul olunacaq. Bütün sifarişlər tam şəffaf şəkildə həyata keçiriləcək. Bütün sənədlər yoxlanılacaq və layihə toplusu ikinci işçi qrupuna təqdim olunacaq. Layihələr özəl şirkət tərəfindən maliyyələşdirəcək. Onların da qəbulu ödənişsiz olacaq.  

- Nazim müəllim, sözügedən Şuranın yaradılmasının məhz Mədəniyyət Nazirliyində aparılan yoxlamalarla üst-üstə düşməsi təsadüfdür, yoxsa sözügedən qurum məhz bu səbəbdən yaradılıb?  

- Bizim bu hadisələrlə yaxından-uzaqdan heç bir əlaqəmiz yoxdur. İnanın ki, Bədii Şura ilə bağlı olan məsələlər aylar öncə yaranıb. Son məqamda belə bir qərar çıxarılıb. Kino Şuranın yaradılması ilə bağlı ilk işlər dekabrın sonunda başlayıb. 

- Kino ilə bağlı bir qurumumuz da var, Azərbaycan Kinematoqrafçılar İttifaqı. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?  

- Mən heç bir kino ittifaqın üzvü olmamışam və deyiləm. Vaxtıilə “Salnamə”nin rəhbəri olaraq dəfələrlə Şəfiqə xanımla üz-üzə gəlmişik, amma Şuraya rəhbər seçiləndən sonra onunla telefonla danışıb gələcək planlarımızdan söhbət etmişik. Ümidvaram ki, bir müddət sonra yenidən bir araya gələcəyik. Məncə kinostudiya bu yöndə çalışan bütün qurumlarla sıx əlaqədə olmalıdır. Mən də gələcəkdə çalışacağam ki, işlərimizi bu istiqamətdə quraq.  

- Yaradılan və Sizin sədrlik edəcəyiniz yeni Kino Şurası Azərbaycan üçün nəhayət ki, "Oskar", "Kann" və "Qızıl qlobus"luq film ərsəyə gətirəcəkmi?

- Bu suala bu gün cavab verə bilmərəm (gülür). İnşallah o gün də olar. Çünki, yeni yaradılan Kino Şurasında ilin sonuna qədər yalnız qısametrajlı filmlər çəkiləcək. Bunu da ilk dəfə olaraq sizə açıqlayıram. Bu ilin sonuna qədər biz yalnız qısametrajlı filmlər üçün ssenarilər qəbul edəcəyik. Bədii filmlərlə bağlı siyahı bu ilin sonuna qədər təsdiqlənib. Bədii Şuranın qərarına əsasən kifayət qədər bədii film ssenarisi var və növbədə yalnız o filmlərin istehsala buraxılması nəzərdə tutulur.

- Siz hazırda Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının direktoru, Kino Şurasının sədrisiniz. Bəs, "Salnamə" kinostudiyasının rəhbərliyində dəyişiklik olubmu?

- Hazırda da "Salnamə"nin rəhbəriyəm. "Azərbaycanfilm" Kinostudiyasının direktor vəzifəsini isə hələ ki, icra edirəm. Kinostudiyaya hələ təyinat olmayıb.

- Kinostudiyada vəziyyət necədir? Bir ara oranın təmiri ilə bağlı söhbətlər gündəmdəydi... 

- Kinostudiyada fəaliyyətimə martın əvvəlində başlamışam, sonra karantinə görə işlərimiz yavaşladı. Demək olar ki, fəaliyyətimiz dayarlandırıldı. Ancaq Bakı Media Mərkəzi ilə birgə COVİD-19-la bağlı iki sosial çarx ərsəyə gətirdik. İndi üçüncünü, könüllülərlə bağlı çarxı ərsəyə gətirməklə məşğuluq. Təmirə gəlincə, deyim ki, bunun üçün işlər başlamalıdır. Bu, bir layihə kimi planımızda var. Əgər qərar verilsə, Maliyyə Nazirliyinə müraciət edəcəyik. Məncə, təmir əsas deyil. Bunu pis, ya da yaxşı variantda nə vaxtsa etmək olar. Kinostudiya hər zaman bir ocaq olub, bir brenddir. Biz işimizi daha çox yaradıcı müstəvidə qurmalıyıq, insanlar üçün düzgün və yaxşı yaradıcı şərait yaratmalıyıq, onları müasir texnika ilə təmin etməliyik. Biz elə eləməliyik ki, gənc və imkansız rejissorlar gəlib bizdən kirayə texnika götürə bilsin. Normal şərait yaratsaq filmlərimiz, layihələrimiz də daha normallaşar. Əsas bu haqda düşünməliyik. Yəni elə etməliyik ki, yaradıcı insanlar səhər işə həvəslə gəlsin.  

- Sizdən öncə, özünüz demiş, bu ocağa Cəmil Quliev, Müsviq Hətəmov və s. insanlar rəhbərlik edib. Həmkarlarınızın burdakı fəaliyyətini necə dəyərləndirirsiniz? Sizcə, onlar Kinostudiyanı bu böhrandan çıxara, məhv olmasının qarşısını niyə ala bilmədi?

- Mən "Kinostudiya məhv olub" fikri ilə razılaşmıram. Hər halda biz işləyirik, fəaliyyət göstəririk. Məndən öncə o vəzifədə çalışanların işinə gəlincə, onları birbaşa Cənab Nazir təyin edib və işlərindən razı olub. Yəni, bu haqda fikir demək onun səlahiyyətindədir. Mən adını çəkdiyiniz o insanları çoxdandır tanıyıram, birgə çalışmışıq. Yəni, onların işini ancaq bu yöndə dəyərləndirib qiymətləndirə bilərəm.  

- Son illər rəhbəri olduğunuz kinostudiyanın ərsəyə gətirdiyi hansı filmi bəyənmisiniz? 

- Kifayət qədər yaxşı ekran işlərimiz olub. Fikirlər, qiymətlər müxtəlifdir. İndi burda kimnsə adını çəksəm, kiminsə unudub adını çəkməsəm, ədalətsizlik olar. Mən bu işi əvvəldən başlayıb gələcəyini görməliyəm. Bütün rejissorlar bu fikirlə iş görməlidir.  

- Gələcək planlarda koronavirusla bağlı film çəkmək də varmı?  

- Bizə hələ ki, belə bir təklif və sifariş gəlməyib. İndi bütün dünya bu mövzuya toxunmaq istəyəcək. Bizdə də hansısa bir formada bunu etmək olar. Hər şey müəlliflərdən, rejissorlardan aslıdır.

Sevda Bayramova