Asəf Zeynallının məzarı bu VƏZİYYƏTDƏDİR - SOS
    • 2-06-2020, 10:51
    • 1 478

Asəf Zeynallının məzarı bu VƏZİYYƏTDƏDİR - SOS

Sosial şəbəkədə görkəmli bəstəkar Asəf Zeynallının məzarının çox pis halda olan görüntüləri yayılıb.

News24.az xəbər verir ki, bununla bağlı Prezident mükafatçısı, dirijor Mustafa Mehmandarov şəxsi "Facebook" profilində yazıb: "Heç inanmazdım ki, 23 yaşında dünyasını dəyişən, yaşayıb-yaratdığı o qısa zamanda milli musiqi tariximizə bir neçə gözəl və təkrarolunmaz əsərlər bəxş edib, bir neçə İLK-lərə imza atan görkəmli bəstəkarımız Asəf Zeynallının qəbri bu halda, bu "vəziyyətdə" olsun...Hələ bu azmış kimi, Musiqi Kollecindən də adını ləğv etmişlər...Söz tapmaq olmur...Hamımızın günahı var! Nə yad etmişik, nə də ki, diqqət...Bildiyim qədər məzar “Qurd qapısı” qəbiristanlığında, yolun qırağında yerləşir... Dəqiq yerini bilmirəm..."

Qeyd edək ki, Asəf Zeynallı 1909-cu ildə Dərbənddə doğulub. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyorvun sinfini bitirib. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. 23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoyub. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi,  “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün  “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun  toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb.  “İbtidai not savadı” adlı dərslik tərtib edib.

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur. 

O, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Beləcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, bu ağır xəstəlikdən vəfat edir. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Sevda Bayramova