Mərhum pilot Rəşad Atakişiyevə MAHNI VƏ KLİP HƏSR EDİLDİ - EKSKLÜZİV - VİDEO

Mərhum pilot Rəşad Atakişiyevə MAHNI VƏ KLİP HƏSR EDİLDİ - EKSKLÜZİV - VİDEO
MƏDƏNİYYƏT / Video

23 iyul 2020, 17:42

Mətn ölçüsü

İyulun 24-də Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatının 1 ili tamam olur.  Məhz bu məqsədlə Rəşad Atakişiyevə yeni mahnı və klip ithaf olunub. 

Sözügedən mahnını Azərbaycanın xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva ifa edib. 

Bu barədə News24.az-a mərhum pilotun həyat yoldaşı Könül Hüseynova məlumat verib: “Əsəri ərsəyə gətirən iki gözəl xanıma öz təşəkkürümü bildirirəm. Mərd Azərbaycan qadınlarıdır mənim fəryadıma öz qələmləri, yaradıcılıqları ilə cavab verdilər. Əsərin müəllifi Aytən Oqtayqızıdır. Hər bir əsərin necə yazılmasından asılı olmayaraq onu canlandıran, həyat verən, təfəkkür sücgəcindən keçirən, öz tərzində təqdim edən ifaçıdır. Mən şərəf duyuram ki, bu insan məhz Xalq artisti Fidan Hacıyeva oldu. Onun kübarlığı, mədəniyyəti, yüksək peşəkarlığı, opera sənətimizin parlaq ulduzu olması bu əsərin doğrudan da mükəmməl alınmasına şərait yaratdı. O, bu mahnını sadəcə  bir müğənni kimi ifa etmədi. Hər misrasını qəlbindən keçirərək, ağlayaraq, hiss edərək, hər zaman “O bizim qəramanımızdır. Mən onu elə ifa etməliyəm ki, onun qəhramanlıq obrazı bu əsərdə biruzə versin” deyərək ifa etdi. Hətta bəstəkar əsəri lirik çalarda yazmışdı, amma Fidan xanım aranjiman prosesində məhz onun drammatizminin vurğulanmasını önə çəkdi. Sonda biz bunun doğrudan da uğurlu olduğunun şahidi olduq".

K.Hüseynova onu da əlavə edib ki, Rəşad özü də Fidan Hacıyeva yaradıcılığının vurğunu olub: "Tale elə gətirdi ki, onun haqda mahnını da Fidan xanım ifa etdi. Bütün maliyyə xərclərini Fidan xanım öz üzərinə götürdü. Həm aranjiman, həm də çəkiliş prosesində yüksək peşəkarlara müraciət edildi. Onun bu addımı doğrudan da Vətənimiz yolunda etdiyi şücaətdir. Çünki o özü də zabitdir, Vətənini sevən mərd xanımdır. Qibtə ediləcək addım atdı. Bunu sözlə ifadə etmək mümkün deyil. Bütün ailəmiz adından Fidan xanıma təşəkkür edirəm”.

Könül Hüseynova mərhum həyat yoldaşı haqda daha bir layihənin üzərində işlədiyini bildirib: “Rəşada özüm də bəstə həsr etmişəm. İnşallah nəzərdə tutduğum sənətçilər etiraz etməz və bu layihənin həyata keçməsində dəstək olarlar”. 

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva isə News24.az-a açıqlamasında bildirib ki, əsəri ifa etmək üçün ona 2 ay öncə Könül Hwseynova ilə bəstəkar Aytən Oqtayqızı müraciət edib: “Böyük məmnuniyyətlə razılaşdım. Ona görə ki, Rəşad Atakişiyev Vətən uğrunda canından keçib. İnternetdə Rəşadın qayınatasının, Könül xanımın atasının çıxışını izlədim və inanın ki, mənə çox təsir etdi. Çox istədim ki, bu əsər və videoçarx iyulun 24-nə hazır olsun. Həmin gün üçün  nə isə etməyi çox istəyirdim. Ailəsi də görsün ki, vətən uğrunda canından keçənlər heç vaxt unudulmur. Onlar yaşayır”. 

F.Hacıyeva bu əsərin ərsəyə gəlməsinində rolunun olmasını özünə vətəndaş borcu saydığını deyib: “Bunu hər kəs edərdi. O bizə görə canından keçib. Bu hər birimizin borcudur. Əsəri bütün şəhidlərə həsr edirik. Tovuz döyüşlərində şəhid olanlar hər birimizi sarsıtdı. Lazım gələrsə müharibəyə də gedərəm. Amma indi əlimizdən ifa etmək gəlir. Bununla da Vətənə qulluq etmək istədim”. 

Teymur Məmmədov

YouTube