Azərbaycan Milli Xalça Muzeyində yenilik - VİDEO

Azərbaycan Milli Xalça Muzeyində yenilik - VİDEO
MƏDƏNİYYƏT / Video

26 avqust 2020, 15:07

Mətn ölçüsü

Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin muzeyimiz haqqında ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün daim çalışır.

News24.az xəbər verir ki, bu istiqamətdə muzeyimizin növbəti yeniliyi turistlər tərəfindən rahatlıqla istifadə edilən audiobələdçi mətnlərinin Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı artıq Ukrayna dilində də təqdim olunmasıdır.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayından Azərbaycan Milli Xalça Muzeyi və Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı
nəticəsində bu layihənin həyata keçirilməsinə başlanılıb. Beləliklə, muzeyimizdə Ukrayna vətəndaşlarına yüksək səviyyəli ekskursiyaların təşkili məqsədilə audiobələdçi mətnlərinin Ukrayna dilinə tərcüməsi və səsləndirilməsi işi yekunlaşıb.

Birgə əməkdaşlıq çərçivəsində həmçinin Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyində maraqlı video-çarx da lentə alınıb. Ukraynanın Müstəqillik Günü münasibətilə hazırlanan video-çarxda muzeyin direktoru Şirin Məlikova və Ukraynanın ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Vladislav Kanevski Azərbaycan Milli Xalça Muzeyi ilə Ukrayna səfirliyinin ortaq layihəsindən bəhs ediblər. Şirin xanım həmçinin dost Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, muzeyimiz dünyanın istənilən nöqtəsindən bizi izləyən tamaşaçılarımıza daha yaxın və əlçatan olmaq üçün səylərini davam etdirir.

Sevda Bayramova

YouTube